Kafeyə gələn müştərini beysbol taxtası ilə öldürdü
24.06.2020

2018-ci il avqustun 10-da Xırdalan şəhər Təcili Tibbi Yardım stansiyasından Binəqədi RPİ-nə Biləcəri qəsəbəsindən ağır xəsarətlərlə gətirilən 1993-cü il təvəllüdlü Cavid Həmzəyevin vəfat etməsi barədə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, mərhum bir müddət əvvəl dostları ilə «Aşıqlar» adlı kafedə olub. Onlarla kafenin işçiləri arasında baş vermiş dava zamanı Həmzəyev döyülüb və həyatını xilas etmək mümkün olmayıb.

Visiontv.az Baku.Tv-yə istinadən xəbər verir ki, şübhəli şəxs qismində kafenin inzibatçısı Elçin Nəcəfov və sürücüsü Xaliq Mustafayev saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Cavid Həmzəyev, Hüseyn Mirzəyev və Ruslan Novruzov kafeyə gəliblər. Həyətdə oturmaq üçün masaya nəzər saldıqları vaxt, müştərilərin kafeyə giriş-çıxışına mane olmalarını bəhanə edən kafenin sürücüsü Xaliq Mustafayev onlara irad bildirib. Dava zamanı Xaliq Mustafayev Cavid Həmzəyevin üzünə başı ilə zərbə vurub, Elçin Nəcəfov isə beysbol taxtası ilə ağır xəsarətlər yetirib.

Sonra cinayətkar hərəkətlərini davam etdirərək əlindəki taxta ilə digər 2 şəxsi təqib edib, kafenin dayanacağında Hüseyn Mirzəyevin baş nahiyyəsinə güclü zərbə endirib. Yaxınlıqda olan avtomobilin üstünə yıxaraq, küt alətlə sinəsini sıxıb. Xaliq Mustafayev də yaxınlaşıb, zərərçəkmişə bir neçə dəfə yumruqla zərbələr vurub.

Təqsirləndirilən şəxs Elçin Nəcəfov bildirib ki, həmin gecə iş yerində olanda tanımadığı 3 nəfər kafeyə daxil olub. Hərəkətlərindən onların sərxoş olduqlarını hiss edib, kafeyə gəlib-gedən müştərilərə mane olublar. Sürücü Xaliq Mustafayev həmin şəxslərə kafenin işinə mane olduqlarını və keçib əyləşmələrini bildirib. Buna baxmayaraq Cavid Həmzəyev dayanıb, qızlara baxıb, bu səbəbdən onunla sürücü arasında mübahisə başlayıb. Cavid kafe işçilərinin ünvanına nalayiq ifadələr işlətdikdə, Xaliq üstünə gedərək, yaxasından tutub və başı ilə sifət nahiyəsinə zərbə endirib. Elçin taxta parçasını götürərək, qapının qarşısında dayanan adamlara tərəfə gedib.

Söyüş söyən Hüseyn Mirzəyevin kürəyinə zərbə vurub. Daha sonra Cavidin halının özündə olmadığını görüb. Ətrafına yığışanlardan kimsə ona su verib. Təcili tibbi yardıma zəng vurublar. Həkim briqadasını gözləmədən Xaliqlə köməkləşib Həmzəyevi maşına qoyublar. Sürücü digər şəxslərlə birlikdə onu xəstəxanaya aparıblar. Bir qədər sonra Xaliq ona zəng vuraraq Cavidin öldüyünü xəbər verib.

Elçin Nəcəfov qeyd edib ki, Həmzəyevlə üzbəüz gəlməyib və ona xəsarət yetirməyib. Xaliq Mustafayev bildirib ki, kafenin girişində iş yoldaşı Elçin sarı rəngdə taxta materialdan olan beysbol bitası ilə həmin oğlanın başına zərbə endirib və sonuncu bunun təsirindən yerə yıxılaraq huşunu itirib. O, Cavidi çiyninə alıb kafenin kabinetinə keçirib, lakin onun səhhəti yaxşılaşmayıb. Onu avtomobillə Xırdalan Təcili Tibbi Yardım stansiyasına çatdırsalar da, həkimlər müayinə edib, onun öldüyünü bildiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Nəcəfov 19, Xaliq Mustafayev 4 il müddətinə azadlıqdan məhrum olunublar.