İyrənc söyüşlər söymək ənənəsi bizdə haradandır?-Nadir Qocabəyli
12.08.2020

Gəlin bu suala cavab tapaq.

Ruslar çox söyüşcül millətdir. Onlarda az qala bütün fellərin söyüş variantı var. Ancaq bir-birinin yaxınları və qohumları arasında təkcə analarını söyürlər, vəssalam. Atanın ağzını, gorunu söymək, bacı, arvad, qız söyüşü, var-yox söyüşü, nəsil söyüşü yoxdur...
Yəqin digər xristian millətlərdə də belədir - ingilislərdə, almanlarda, fransızlarda və s. Mənim o dillər haqqında bilgim və təsəvvürüm az olduğundan dəqiq bilmirəm, amma belə ehtimal edirəm.
Bizə yaxın olan türklərdə də qohum söyüşləri bizdəki qədər çiçəklənməyib. Onlar ən aqressiv durumlarında bir-birinə yalnız "ananı-avradını" deyə küfr edirlər... Onun da sonunu söyləmirlər adətən…

Farslardan, ərəblərdən, ermənilərdən, gürcülərdən xəbərim yoxdur. Əsgərlikdə özbəklərin hirslənəndə ortalığa ana söyüşü söydüklərini eşitmişəm.

Bildiyim qədəri ilə ən əxlaqsız, iyrənc söyüşlər biz azərbaycanlılardadır. Özü də biz söyüşə həssas millətik. Söyüşə görə çox sayda adam öldürülüb, bıçaqlanıb, güllələnib. Bununla belə, bu söyüşlər bəzi adamlarıln leksikonunda hələ də qalır və hətta təkmilləşdirilir. Mən hətta yalan deyənin körpəsini belə-belə edim kimi, son dərəcə murdar söyüş söyənlər də görmüşəm.

Bu cür murdar, əxlaqsız söyüşlərə bu qədər həssas olduğumuz, sərt reaksiya verdiyimiz üçün əslində gərək bu söyüşlər söyülməsin, yavaş-yavaş aradan qalxsın. Ancaq əksi müşahidə olunur.

Bizim cavanlar Avropaya, Amerikaya, Rusiyaya, Türkiyəyə baxıb deyirlər ki, onlar söyüşə qarşı dözümlüdürlər, çox vaxt heç əhəmiyyət də vermirlər.

Onlara bənzəmək, “cool” görünmək üçün bunlar da söyürlər. Ancaq düşünmürlər ki, onların söyüşləri müəyyən mənada dözüləndir və əhəmiyyət verməmələri də, çox güman ki, bununla bağlıdır.

Bunlar öz yerində, ancaq məni ən çox bilirsiniz nə narahat edir: niyə biz bir millət olaraq söyüş yaradıcılığımız bu qədər zəngindir, nə səbəbə bu cür iyrənc söyüşlər yaratmışıq? Bu nəylə bağlıdır? Bunun əsasında nə dayanır? Niyə ruslar bir-birinin arvadını, bacısını, qızını, dədəsinin ağzını və gorunu, nəsil-nəcabətini, körpəsini söymür, amma bizdə bu əxlaqsızlığı özünə rəva görən yetərincə məxluq var.

P.S. Bu günlərdə məni söyən olmayıb. Sadəcə feysdə belorusların bir-birini söydüklərini görüb, özümüzlə müqayisə etdim və bu düşüncələr yarandı…

Visiontv.az