İsveçrədə ər-arvad davası
İsveçrədə ər-arvad davası
24.11.2022 Elbəyi Həsənli Tərəfindən

Başıbağlı bir müsəlman qadın söhbət edir. Deyir, axşam vaxtı idi. Yuxarıdakı qonşuda səs-küy qopdu, dava-dalaş başladı. Tərslikdən ərim də evdə yox idi. Mən belə şeylərdən çox qorxuram. Elə uşaqlarım da mənim kimi qorxudan əsirdi. Ərimə zəng vurdum ki, yuxarıdakı qonşuda qırğındır. Ər-arvad dalaşırlar. Mən də, uşaqlar da qorxuruq. Tez özünü evə çatdır. Ərim dedi ki, qapını açarla bağla. Dava-dalaşa da əhəmiyyət vermə. Mən işimi qoyub gələ bilmərəm. Müdir məni işdən atar...

Qonşuda isə dava getdikcə qızışırdı. Aydın hiss olunurdu ki, ər də, arvad da əlinə gələn qab-qaşığı var gücü ilə döşəməyə, divara çırpır. Bir xeyli bu minvalla davam etdi. Əminliklə deyə bilərəm ki, o evdə daha sındırılası bir şey qalmamışdı...

Qonşunun qapısı açıldı və yenidən çırpıldı. Binaya sakitlik çökdü. Düşündüm ki, bununla da bu dava başa çatdı. Üstündən heç 20-30 dəqiqə keçməmişdi ki, bir az əvvəl evi tərk edən kişi yenidən evə döndü və hər şey yenidən başladı. Belə başa düşdüm ki, indi ərlə arvad 3-4 yerə paralanmış əşyaları daha kiçik hissələrə bölmək üçün yenidən döşəməyə, divara çırpırlar...

Axır ki, dava başa çatdı. Binaya sakitlik çökdü. Bir azdan ərim də işdən gəldi. Məni qorxaqlığıma görə xeyli danladı. Dedi ki, sən qorxursan, uşaqlar da səksəkə içində qalırlar...

Səhərisi gün artıq binada adət etdiyimiz sakitlik bərpa olunmuşdu. Mən də özümə gəlmişdim. Ərimin işdən gəlişinə hazırlıq görürdüm. Kişinin könlün almaq üçün yaxşı xörək bişirmişdim...

Qapının zəng çalındı. Açanda gördüm ki, ərimin əlində dibçək var. Dibçəyin içində isə o qədər gözəl bir əkilmişdi ki. Gözəlliyinə heyran qaldım. Düşündüm ki, ərim də mənim könlümü almaq istəyir...

Ərim mənə nəsə çox sərt baxdı. Soruşdu ki, bu gülü kim bizim qapının ağzına qoyub. Özümü itirdim. Bilmədim ki, ərim nə demək istəyir. Ərim içəri keçib yenidən sualı təkrarladı. And-aman elədim ki, xəbərim yoxdur. Bizim kişi yaman qısqancdır. Bu səbəbdən evimizdə çox söz-söhbət olub. Düşündüm ki, dünənki davanın biri də indi bizim evdə olacaq...

Ərim dibçəyin kənarına yapışdırılmış açıqcanı götürüb mənə göstərdi. “Hələ sənə namə də yazıblar”, deyib onu açdı. Mən elə ayaq üstündə ölmüşdüm. Düşündüm ki, hər şey cəhənnəm, uşaqların yanında biabır olacam. Görən hansı axmaq bunu edib...

Açıqcanı oxuyandan sonra ərimin üzü güldü. Heç bir şey olmayıbmış kimi yemək üçün mətbəxə keçdi. Mən də onun dalınca. Yeməyi çəkib ərimin qabağına qoydum. O, iştahla yeməyə girişdi. Onu mətbəxdə qoyub dəhlizə döndüm. Bir az əvvəl ərimin oxuyub kənara atdığı açıqcanı götürdüm. Gözəl xətlə yazılmış əlyazmadan bəlli oldu ki, gül dibçəyini dünən dava edən ailənin adından bizim qapımızın ağzına üzrxahlıq məqsədi ilə qoyublar. Dünən ki davaya görə üzr istəyirlər...

Açıqcanı təzə oxuyub qurtarmışdım ki, qapının zəngi çalındı. Ərim evdə olanda qapını mən açmaram. Bizdə belədir ki, gərək evin kişisi qapını açsın. Ərim mətbəxdən çıxıb dəhlizə daxil oldu. Qapı açılanda gördük ki, dünən dava edən ər-arvad gülə-gülə bizi salamladı. Bir daha üzrxahlıq etdilər. Dedilər ki, qısqanclıq zəmində dünən dava-dalaş olub. Sonra məsələ aydınlaşıb. Onlar yenə də çox xoşbəxtdirlər. Və bizə də xoşbəxtlik arzulayırlar...

Sonra məlum oldu ki, dava salan qonşumuz binadakı hər bir evə eyni güldən alıb veriblər. Ər-arvad hər kəsə də eyni məzmunlu açıqca yazıblar...

Bu hadisənin xoşbəxt sonluqla başa çatması məni çox sevindirdi...

Davanın üstündən az qala bir həftə keçmişdi. Qonşularım vurub sındırdıqları əşyaların qalıqlarını axır ki, zibilliyə daşıb qurtardılar. İndi də hər gün evə nəsə təzə bir şey alıb gətirirlər. Boş qalmış yerləri doldurmaq lazımdır...

P.S Nəql etdiyim bu əhvalat əslində gözəl bir filmin ssenarisi də ola bilər...

Elbəyi Həsənli

visiontv.az