İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, cəsarət və iradə tələb edirdi-Millət vəkili Könül Nurullayeva
28.05.2020

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması həqiqətən də böyük zəka, cəsarət və iradə tələb edirdi.

Visiontv.az xəbər verir ki, məhz Azərbaycan ziyalıları 102 il öncə bu tarixi addımı atdılar. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu. Yəni, ilk dəfə olaraq müsəlman aləmində demokratik parlamentli respublika yaradıldı və fəxrlə deyirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb.

Şərqdə ilk parlamentli dövlət, qadınlara səsvermə hüququnun verilməsi, ilk teatr-opera da bizim adımızla bağlıdır. Bu tarixi addım xalqımızda eyni zamanda azadlıq hisslərini, ictimai-siyasi düşüncəni daha da gücləndirdi.

Daim mütərəqqi ideyaları yaşadan xalqımız Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə məhz 1920-ci ildə itirilmiş müstəqilliyimizi bərpa etdi. Bu gün beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik olan müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin layiqli və sədaqətli varisi kimi müstəqilliyin qorunub saxlanma nümunəsini göstərir.

Müstəqillik yolunda inkişafımız davamlı və uğurlu olacaq! Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır!