İstanbulda “Türk axını” təbii qaz kəmərinin açılış mərasimi keçirilir
08.01.2020

Yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin enerji sahəsində mərkəzi ölkə mövqeyinin gücləndirilməsində mühüm rol oynayacaq layihənin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş Naziri Boyko Borisov və bir sıra ölkələrin dövlət nümayəndələri iştirak edir.

Azərbaycan tədbirdə Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Rusiya təbii qazının Türkiyəyə nəqli və bu ölkə ərazisindən keçərək Avropaya ötürülməsində mühüm rol oynayacaq “Türk axını” layihəsi, eyni zamanda, iki ölkə arasında əlaqələrin enerji sahəsində inkişafında vacib rol oynayacaq layihələrdən biridir.

Hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axını” xüsusilə Avropanın cənubunda yerləşən ölkələr üçün vacib layihədir. Bu layihə ilə birgə Rusiyanın təbii qazı ilk dəfə olaraq Türkiyə üzərindən keçərək Avropaya çatdırılacaq.

Tədbir əsnasında Türkiyə Prezidentinin qonaq dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Bu danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, Suriya, Liviya, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadilələrinin aparılması nəzərdə tutulur.