İşğalçılığın buynuzu olmur ki...
İşğalçılığın buynuzu olmur ki...
07.05.2022 Bəybala Mirzəyev Tərəfindən

İşğalçılığın adı elə işğalçılıqır da. Bunun başqa adı olmur ki. Və yaxud, işğalçılığın buynuzu da olmur. Sən bunun adını "xüsusi əməliyyat" (спецоперация) flan qoya bilərsən e. Amma mahiyyət ki dəyişmir.

Bu fotolara diqqətlə baxın. Bu fotoşəkillər Rusiyanın işğalçılığını açıq-aşkar surətdə ifşa edir. Ruslar Mariupol şəhərinin adının ukrayn dilində (kiril əlifbası ilə və latın əlifbası ilə) yazıldığı lövhəni söküb, onun yerinə rus dilində (kiril əlifbası ilə) yazılmış lövhəni bərkidiblər və üstəgəl Rusiya bayrağını da asıblar. 

Yadınızdadırsa, fevralın 24-də rus qoşunları Ukraynaya soxulanda Rusiya rəhbərliyi ölkə mətbuatına, ekspertlərə və adi vətəndaşlara "müharibə" sözünü işlətməyi qadağan etmişdi. Hamıya göstəriş verilmişdi ki, yalnız "xüsusi hərbi əməliyyat" sözündən istifadə edilsin. Lakin bu süni "termin"in ortaya atılmasına baxmayaraq hamı görürdü ki, Rusiya ordusu Ukraynaya qarşı xüsusi hərbi əməliyyata yox, əsl işğalçı müharibəyə start verib. 

Əslində rus əsgərinə deyilməlidir ki, sən həqiqətən də işğalçı deyilsənsə və Ukrayna ərazisində uzun müddət qalmaq fikrin yoxdursa, o zaman nə üçün bu ölkənin yer adlarını zorla dəyişib "ruslaşdırırsan"? 

Rusiyanın propaqandon ekspertlərinin və teleaparıcılarının Ukraynaya qarşı real rejimdə müharibə aparıldığını inkar etmələri əsl həqiqəti əsla ört-basdır edə bilməz. Əsl həqiqət bax bu cür foto və videogörüntülərdə üzə çıxır. Yəni ki, ruslar özləri özlərini ifşa edirlər. 

P.S.

Yeri gəlmişkən, indiyə qədər "müharibə" sözünü dilə gətirməkdən hər vəchlə çəkinən Vladimir Putinin mayın 9-da Ukraynaya qarşı rəsmən müharibə elan edəcəyi gözlənilir.

Bəybala Mirzəyev

Visiontv.az