İş adamına qarşı dələduzluq edən şəxsin məhkəməsinə jurnalistlər buraxılmadılar
12.03.2019

İş adamına qarşı dələduzluq edən şəxsin məhkəməsinə jurnalistlər buraxılmadılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nadir Əhmədli şifahi vəsatət qaldıraraq məhkəmənin media nümayəndələrinin iştirakı olmadan keçirilməsini istəyib.

Vəsatət təmin olunub və jurnalistlər məhkəmə zalından çıxarılıb. Daha sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdan artıq dələduzluq edib.

Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlığı götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.