İrəvandakı təxribatlar revanşist qüvvələrin Paşinyana mesajıdır
İrəvandakı təxribatlar revanşist qüvvələrin Paşinyana mesajıdır
15.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanda ötən gün bazarda partlayış və metro stansiyalarına bomba qoyulması barədə zənglərin artması revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı ola bilər. Revanşist qüvvələrin bu kimi təxribatları N. Paşinyana mesajıdır.

Bir müddət bundan əvvəl, radikal Sasna Tsrer təşkilatının sədri Jiryar Sefilyanin N. Paşinyan əleyhinə xalqın toparlanmasına çağırış etmişdi. Məhz Sasna Tsrer təşkilatının fəaliyyəti Azərbaycanla razılaşmaya cəhd edən siyasilərə qarşı silaha əl atmağa yönəlikdir.

Qeyd edim ki, Jiryar Sefilyan radikal və terrorçu siyasi baxışlara malikdir. 2016-ci ildə aprel döyüşlərindən sonra S. Sarkisyan əleyhinə tərəfdarı ilə birlikdə silahlanaraq polis idarəsini tutmuşdu. Eyni analoji hal N. Paşinyana qarşı edilməsi də istisna deyil.

Məhz Yerevan mərkəzi bazarında baş verən partlayışın miqyasına fikir verdikdə, bunun heç də təhlükəsizlik qaydalarının pozuntusu kimi baş verməsi təəsüratı yaratmır. Bu, N. Paşinyana qarşı əhalinin etirazını təşkil etmək və bununla siyasi hərəkat formalaşdırılmaqdır. Belə bir partlayışların digər strateji obyektlərdə baş verməsi mümkündür. N. Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirməsə, hakimiyyətinə qarşı real təzyiqlər ediləcək.

Ermənistan hakimiyyətinin Azerbaycanla əlaqələrini normallaşdırmaq siyasətinə qarşı terror təxribat halları davamlı olacaq. Çünki, Ermənistanda siyasi partiya və təşkilatlar, idioloji olaraq uzun illərdi Azərbaycana qarşı düşmənçilik siyasəti aparır və hər hansı bir sülh çağırışları bu qüvvələr tərəfindən qarşısı alınır. N. Paşinyana daxili təzyiqlər və bu kimi təxribatların baş verməsi Azərbaycanla sülh sazişinin bağlanmasindan yayındıra bilər. Bu qüvvələrin də əsas strateji planı bundan ibarətdir.

N. Paşinyan daxili sabotajçıları neytrallaşdırsa, bu, onun hakimiyyətinin güclənməsinə gətirəcək. Daxili etirazlardan çəkinib Azərbaycanla sülhü deyil, qarşıdurmanı seçərsə, hakimiyyətdə qalmayacaq. Təxribat qrupları da onun Azərbaycanla toqquşmasında maraqlı görünür. Ermənistan hakimiyyəti üçün gələcək aylarda iki yol var, Azərbaycanla qarşıdurma, ya da sülh. Azərbaycan hər iki varianta hazırdır. Ermənistanın rəhbərliyinin isə, yalnız çıxış yolu sülhdədi.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az