“İrəli”də Ulu öndərin ildönümünə həsr olunan tədbirlər həyata keçirilib
10.05.2021

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ümumrespublika miqyasında böyük ruh yüksəkliyi ilə qeyd olunur.  "İrəli" İctimai Birliyi Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünün yüksək səviyyədə qeyd edilməsi ilə əlaqədar tədbirlər həyata keçirib.

Belə ki, "Action Week" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Layihə çərçivəsində eyni zamanda "XƏMSƏ" Milli İntellektual oyunu keçirilib, "Əvvəl və İndi" şəkil müsabiqəsi üzrə foto əsərlər yaradılıb.

Gənclər Fondunun dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Axtar tap" intellektual oyunu da baş tutub. Ümummilli Liderin anadan olmasının 98 illiyi münasibətilə həyata keçirilən intellektual yarışın sualları Ulu Öndərin həyat yolu və siyasi fəaliyyətinə həsr olunub. İntellektual oyunda gənclər mövzu üzrə hazırlanan sualların cavablarını ipucular vasitəsilə Bakının müxtəlif nöqtələrində tapıb, mobil tətbiq üzərindən cavablandıraraq, birincilik uğrunda mübarizə aparıblar. Ümummilli Liderin doğum günü münasibətilə 10-11 may tarixlərində "İrəli" gəncinin Quba rayonunda, Qızıl Qaya silsiləsi üzərində dəniz səviyyəsindən 3751 m yüksəklikdə yerləşən "Heydər zirvəsi" və "Atatürk zirvəsi"nə yürüşü (alpiniada) də baş tutacaq.

Eyni zamanda "İrəli" İB-nin kollektivi və təşkilat üzvləri xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilən Ulu Öndərin məzarını da ziyarət edərək öz ehtiramlarını ifadə edəcəklər. "İrəli" İB tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətin təməlində Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə töhfəsi, ideyaları və bu ideyalara xidmət amalı dayanır. "İrəli" ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək Ümummilli Lider Heydər Əliyevin ideyalarını davam etdirir.