İranın əsas narahatlığı öz azərbaycanlı əhalisidir-Pakistanlı analitik Seyid Muaz Şah
15.10.2021

İranın hazırki durumu sərhəddə təlimlər keçirməkdən daha çoxuna kifayət etmir.

Visiontv.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Pakistan Ziauddin Universitetinin rektoru, analitik Seyid Muaz Şah deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla İran arasındakı gərginlik əslində göründüyü qədər aydın bir məsələ deyil:
“Əvvəlcə İranın mövqeyini başa düşmək lazımdır: Rusiya ilə yaxşı münasibətləri vardı və bu səbəbdən Ermənistan üzərindən Qərbi Asiyaya daşımalar üçün bir kanala sahib idilər. Azərbaycanın Qarabağı azad etməsi ilə bu yolda daşımalar məhdudlaşdırıldı, gömrük yoxlanışı və rüsum tətbiq olunmağa başladı”.

Ekspertin sözlərinə görə, İranın 2-ci əsas narahatlığı bir zamanlar müstəqil olan öz azərbaycanlı əhalisidir:

“İran güclü bir Azərbaycanı hiss edir – keçən il ən son texnologiyadan istifadə edərək düşmənini qısa müddətdə darmadağın edən Azərbaycanı öz suverenliyinin təhdidi kimi qəbul edir. Bu səbəbdən də iranlılar Azərbaycanı zəif tutmaq üçün həmişə Ermənistana meyilli olublar, çünki sərhədin o tayındakı azərbaycanlıların öz ərazisindəki azərbaycanlıları gücləndirməkdən qorxurlar.

İranın 3-cü problemi İsraildir. İsrailin Azərbaycanla münasibətlərinin çox yaxşı olduğunu görmək İranı narahat edir və ehtiyatı əldən vermək istəmir”.

Politoloq sanksiyalar və ya Suriya və Yəməndə hərbi mübarizə aparan İranın yeni bir cəbhə başlatmaq iqtidarında olmadığını bildirib:

“İran Pakistan, Türkiyə və Azərbaycanla yeni bir cəbhə açmaqda maraqlı deyil. Daha az dostu olan bir coğrafi bölgədə İran ağıllı oynamalı və ətrafdakıların hamısını düşmənə çevirməməlidir.

Odur ki, əlaqələri inkişaf etdirmək İranın atacağı müdrik addım olardı və düşünürəm ki, İran bunu anlayır, ona görə də bu istiqamətə meyil edir”.