İranın dərman bazarı çökür - Bakıdan gedən xəstələri nə gözləyir?
12.02.2020

ABŞ İranı indi də dərman və ərzaq tədarükünə qadağa ilə sıxışdırmağa başlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvinin sözlərinə görə, amerikalılar bu istiqamətdə bütün bank köçürmələrini bağlayıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, İsveçrənin Tehrandakı səfiri Markus Leytner İrana ən azı 180 min qutu dərman tədarük edildiyini bildirib.

İranın Birinci vitse-prezidenti İshak Cahangiri İsveçrənin İrana humanitar məhsulların ödənilməsi mexanizmini təbliğat adlandırıb.

Ancaq bizi daha çox maraqlandıran başqa nüansdır: görəsən, Azərbaycandan İrana müalicə və müayinəyə gedənlər üçün hansı çətinliklər meydana gələcək?

Nəzərə almaq lazımdır ki, azərbaycanlı xəstələr xarici ölkələrdən daha çox İrana üstünlük verirlər. Ötən il Azərbaycandan İrana gedənlər ümumilikdə xaricə səfər edənlərin 36,7 faizini təşkil edib.

Qonşu ölkədə yalnız özəl klinikalar xarici vətəndaşları qəbul edirlər. Bu dövlətdə müayinələrin və dərmanların ucuz olması azərbaycanlı xəstələrin axın etməsinə əsas səbəbdir. Yəni qiymət fərqi yarıbayarı var və üstəlik, diaqnozların qoyulmasında daha səhih işləyirlər.

Hətta Azərbaycan klinikalarındakı müayinələrin nəticələrinə də baxmırlar, yenidən müayinəyə göndərirlər.

Azərbaycanlılar daha çox Tehran, Təbriz və Ərdəbil xəstəxanalarına axışırlar. Əldə etdiyimiz məlumata görə, hazırda qiymətlərdə ciddi bir dəyişiklik olmayıb. Ərdəbildə olan tanışlardan birinin verdiyi xəbərə görə, dərmanlar da hələ ki bahalaşmayıb. Çünki preparatlar İran istehsalıdır.