İrandan Qarabağa qeyri-qanuni yük daşınmasını əks etdirən növbəti görüntü yayılıb
08.05.2021

İrandan qeyri-qanuni olaraq Qarabağa yüklərin daşındığını əks etdirən növbəti video-görüntü yayılıb.

Visiontv.az-ın məlumatına görə, bu gün “Azad İran” teleqram kanalında yayılmış görüntüdə naməlum və şübhəli yüklər daşıyan avtomobillər müşahidə olunur.

Avtomobillər qanunsuz şəkildə Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının postlarından keçir, onların nəzarətində olan ərazilərə hərəkət edir.

Qeyd edək ki, bir neçə gün əvvəl də İrandan qanunsuz olaraq Dağlıq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı. Bildirilirdi ki, həmin avtomobillərdə qeyri-qanuni olaraq yanacaq, qida, kənd təsərrüfatı məhsulları və s. daşınır. Bununla belə, daşınan yüklər arasında narkotik vasitələrin olduğu da iddia edilir.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinə verilən sorğulara isə hələlik cavab verilmir. Səfirlikdən bildirilir ki, görüntülərlə bağlı Tehrana sorğu verilib, cavab alınmayıb. Məsələ araşdırılır.

APA