İrandan Azərbaycandan keçməklə Ukraynaya yarım ton heroin aparılmasının qarşısı alınıb
03.06.2020

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına yük avtomobilində külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Visiontv.az-a verilən məlumata görə, həmin əməliyyat məlumatı əsasında, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Ukrayna Respublikasının Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.