İrandakı Azərbaycan türkləri “Azadlıq, Ədalət, Milli Hökumət” tələb edir: “ İranın federallaşması məsələsi artıq gündəmdədir
İrandakı Azərbaycan türkləri “Azadlıq, Ədalət, Milli Hökumət” tələb edir: “ İranın federallaşması məsələsi artıq gündəmdədir
13.11.2022 Elbəyi Həsənli Tərəfindən

“Amerikanın Səsi”: “Azadlıq, Ədalət və Milli Hökumət” şüarı İranın digər etnik qrupları tərəfindən də istifadə olunur. İranın federallaşması məsələsi gündəmdədir

“Amerikanın Səsi” (voanews.com) radiosunun ingilisdilli bölümü “Azerbaijani Turks in Iran Demand “Freedom, Justice, National Government”” (İrandakı Azərbaycan türkləri “Azadlıq, Ədalət, Milli Hökumət” tələb edir) adlı geniş məqalə təqdim edib.

Məqalədə deyilir ki, əsasən türklərin yaşadığı Təbriz, Ərdəbil və Urmiya şəhərlərində “Azadlıq, Ədalət və Milli Hökumət” şüarı molla rejiminə qarşı başlamış etiraz aksiyalarının ilk günündən eşidilməyə başlayıb. Artıq bu şüar İranın qeyri-fars ərazilərində yaşayan digər etnik qruplar tərəfindən də (kürdlər, ərəblər, bəluclar ) həvəslə istifadə olunur. Hətta farslar belə bu şüara ciddi maraq göstərirlər. Bu isə o deməkdir ki, İranın federallaşması məsələsi artıq gündəmdədir.

Məqalədə vurğulanır ki, Rza Şah Pəhləvi (o, sonuncu türk şahı Əhməd şah Qacarı (1909-1925) devirib və Pəhləvilər sülaləsinin əsasını qoyub) iqtidara gələndən (1925-1941) İranda Azərbaycan türkləri üçün ağır günlər başlayıb. Yalnız Azərbaycan Milli Hökuməti (21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət) dönəmində vəziyyət yaxşılaşıb...

Qeyd olunur ki, etiraz aksiyasına qatılan Azərbaycan türkləri həbs olunduqda onlar pan-türkçü elan olunur...

“Amerikanın Səsi” qeyd edir ki, 2011-ci ilin yanvarında Türkiyədə rəsmi səfərdə olan İranın xarici işlər naziri Ali Akbar Salehi jurnalistin İran-Türkiyə ikitərəfli münasibətləri ilə bağlı sualına cavabında deyib: "Biz demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, Türkiyə ilə İran arasında böyük bir bağdır."

Elbəyi Həsənli

visiontv.az