İranda müəllimlər birliyi uşaqlara hərbi təlim verilməsi ilə bağlı xəbərdarlıq edib
24.05.2026

İran Müəllimlər Birliyi məscidlərdə və “Bəsic” mərkəzlərində uşaqlar və yeniyetmələr üçün təşkil olunduğu bildirilən hərbi təlimlərin beynəlxalq uşaq müdafiəsi standartlarını poza biləcəyi barədə xəbərdarlıq edib.

Birlik sosial şəbəkələrdə yayılan videolara istinad etdiyi açıqlamada bəzi azyaşlıların Kalaşnikov və Vinçester tipli silahlarla təşkilatlanmış şəkildə təlim keçdiyini bildirib.

Qurum bu fəaliyyətləri “uşaqlığın hərbiləşdirilməsi” kimi qiymətləndirib və bunun İranın BMT-nin Uşaq Hüquqları Konvensiyası qarşısındakı öhdəliklərinin pozulması anlamına gələ biləcəyini vurğulayıb.

Müəllimlər birliyi məsələ ilə bağlı ölkədaxili və beynəlxalq məsul qurumlar tərəfindən müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb.

visiontv.az