İrana təhdid Əfqanıstan sərhəddindədir, Azərbaycan sərhəddində deyil
İrana təhdid Əfqanıstan sərhəddindədir, Azərbaycan  sərhəddində deyil
20.09.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanın 30 ildən sonra Ermənistanın işğalına son qoyması, ərazilərini azad etməsi və hərbi qələbəsi regionda yeni bir geosiyasi nizamın formalaşması ilə nəticələnir.

İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə Türkiyə Azərbaycan hərbi əlaqələrinin inkişafı, mütəmadi hərbi təlimlər Cənubi Qafqazda Ankaranın mövqeyinin möhkəmləndirilməsinə gətirməklə yanaşı, iki qardaş ölkənin mütəmadi hərbi təlimləri birbaşa Ermənistan və onun strateji müttəfiqinə ünvanlanır ki, 10 noyabr və 11 yanvar razılaşmaları reallaşsın. Həmçinin ölkəmizə qarşı azad etdiyimiz ərazilərdə hərhasnı bir provakasiyanın qarşısı alınsın.

Göründüyü kimi, Azərbaycanın güclənməsi və öz ərazilərinə tam nəzarəti qonşu İranı narahat edir. İran son davranışlarında  konkret olaraq Azərbaycana qarşı qeyri-səmimi  siyasəti həyata keçirir.

Qeyd edim ki,  Azərbaycan -Türkiyə və Azərbaycan- Türkiyə -Pakistan hərbi təlimləri İrana qarşı deyil. Amma, rəsmi Tehran bu təlimləri özünə qarşı təhdid görərək 30 il ərzində ikinci dəfə Azərbaycan sərhədlərinin yaxınlığında Aslanduz çölündə hərbi təlimlər keçirir. Birinci təlimlər Qarabağ müharibəsinin gedişində, ikinci təlimlərdə Qafan-Gorus yoluna Azərbaycanın tam nəzarəti fonunda keçirir. İran bu kimi təlimlərdə İsrailin adını çəkərək Azərbaycanla əməkdaşlığını daima gündəmə gətirir. Vurğulamaq lazımdır ki, Azərbaycan İsrail əlaqələri 1997-ci ildən yaranıb. Amma, İran 1991-ci ildən Ermənistanla sıx əməkdaşlıq edərək, Qarabağın işğal olunmasına lojistik dəstək verib və işğalçı ölkənin əsas nəfəsliyi rolunu həyata keçirib. İsrail məsələsində İranın Azərbaycana qarşı mövqeyinə gəldikdə, Tehran ilk növbədə Ermənistan İran əlaqələrinin tarixinə baxmalıdır. İranın Azərbaycan sərhədləri yaxınlığında bu kimi təlimləri həmçinin İsrailin Zəngilanda kənd təsərüfatı layihələrini həyata keçirməsinə qarşıdır. İran bununla Azərbaycanın iqtisadi fəaliyyətini hədəfə gətirir. İranın bu təlimləri Azərbaycana qarşı əzələ nümayişi olmaqla yanaşı, hətta düşmənçilik siyasətinin bariz nümunəsidir.

İranın bundan sonra hərhansı bir hərbi təlimləri nəticəsiz qalacaq. Azərbaycan öz sərhədləri daxilində güclənir və təhlükəsizliyinə təhdid olacaq bütün addımların qarşısını almağa qadir olduğunu nümayiş etdirir. İkinci Qarabağ müharibəsindən sonra, İran Cənubi Qafqazda öz mövqelərini kifayət qədər itirib və daha da itirməkdədir. Bundan sonra İran Azərbaycan əlaqələrində hərhansı bir istiləşmə olamyacaq. Hakimiyyətdə olan mühafizakarların Azərbaycan siyasəti təhdid üzərində qurulub.

Güney Azərbaycanlılar İran rejiminin Azərbaycana qarşı yönələn bu hərbi təlim təxribatlarına cavab verməlidir.

Cənubi Qafqazda İranın iştirakı olmadan yeni bir hərbi ittifaq yaradılır. İrana təhdid Əfqanıstan sərhəddindədir, Azərbaycanla  sərhəddində deyil. Tehran rejimi ünvanı səhv salıbsa, bu səhv onun üçün ciddi mənfi nəticələrə gətirib çıxara bilər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə 

Visiontv.az