İran səfirinin İsrailin Bakıdakı səfirinin paylaşımına münasibətdə sərgilədiyi mövqe terrora çağırışdır
İran səfirinin İsrailin Bakıdakı səfirinin paylaşımına münasibətdə sərgilədiyi mövqe terrora çağırışdır
21.07.2022 Elçin Mirzəbəyli Tərəfindən

İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşımında İran adlı ölkənin rəsmi dairələrini narahat edə biləcək və diplomatik normaları pozan heç nə yoxdur.

İsrail səfiri paylaşımında qeyd edir ki, "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?". Təbrizin Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz bir parçası olduğu danılmaz həqiqətdir və bu məqam İran rəsmilərinin açıqlamalarında da qeyd olunur. Digər tərəfdən, İsrail səfiri öz paylaşımında dövlətlərin ərazi bütövlüyündən, yaxud bu xüsusda olan hansısa iddialardan deyil, mədəniyyət və tarixdən söz açır. Harada yaşamasından asılı olmayaraq, bütün Azərbaycan türklərinin, azərbaycanlıların tarixi və mədəniyyəti birdir.

Bu anlayışları beynəlxalq hüququn müstəqil subyektlərinin suveren hüquqları, sərhədləri kontestindən dəyərləndirmək absurddur və eynilə xəstə, ultramillətçi, gerçəkliklə uzlaşmayan, bəsit erməni təfəkkürünün təkrarıdır. Azərbaycan xalqının dili də, mədəniyyəti də, tarixi də, ədəbiyyatı da, folkloru da, o cümlədən nağılları da birdir! Və bu danılması mümkün olmayan tarixi həqiqətdir.

Amma Ayətullah Xameneinin İranın Ermənistanla min illik sərhədlərindən danışması həqiqətdən min illərlə məsafədə dayanan bir yanaşmadır, tarixin, həmçinin hazırda İran İslam Respublikası adlanan beynəlxalq hüququn müstəqil subyektinin tarixinin saxtalaşdırılmasıdır. İran özünü min il ərzində Azərbaycan türklərinin idarə etdiyi dövlətlərin varisi elan etdiyi halda, vaxtilə bu dövlətlərin ayrılmas bir parçası olan, erməni ayağının dəymədiyi torpaqları “Ermənistan” adlandırmaqla öz tarixinə xəyanət edir və bir daha mollakratiyanın radikal millətçi mahiyyətini, qərəzini, nifrətini, hikkəsini nümayiş etdirir.  

Maraqlıdır, ağaye Xamenei nə üçün ermənilərin Azərbaycan Respublikasına qarşı ərazi iddialarına münasibət bildirmir. Axı o özünü müsəlmanların bir qisminin dini lideri hesab edir. Məgər Qarabağ müsəlmanların torpaqları deyil? Bəlkə Fələstində yaşayan müsəlmanlarla Qarabağda yaşayacaq, 30 il öz torpaqlarından didərgin düşən müsəlmanlar arasında fərq var? Məgər İslam dinində bütün müsəlmanlar irqindən asılı olmayaraq, bərabərhüquqlu sayılmırlar? Bəlkə İran müsəlmanları, həm də qövmlərə bölüb? Azərbaycan torpaqlarının işğaldan azad edildiyi zaman kəsiyində və daha sonra İranın nə oyunlardan çıxdığını, zəfər yürüşümüzü əngəlləmək üçün min bir hiyləyə əl atdığını bilməyən yoxdur. Ağlınız başının içindən Qum tökülən 5-10 nəfərə getməsin...

...İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrailin Bakıdakı səfiri Corc Dikin paylaşımına münasibətdə sərgilədiyi mövqe isə terrora çağırışdır. Musəvi öz paylaşımında bildirir ki, “görünür, ilk xəbis sionisti də Təbrizin qeyrətli əhalisi dəfn edəcək”. Bu, konkret təhdiddir və hüquqa zidd davranışdır.

Digər tərəfdən, hər iki səfirə məsləhət görərdim ki, öz mesajlarını - əgər həqiqətən onlardan hər hansı birinin paylaşımı digərinə mesaj xarakteri daşıyırsa - hətta sosial şəbəkələr vasitəsilə olsa da belə, gedib öz dövlətlərinin ərazisindən paylaşsınlar.

Siyasi şərhçi Elçin Mirzəbəyli

Visiontv.az