İran Rusiyaya sanksiyalardan yayınmağın üsullarını öyrədəcək
İran Rusiyaya sanksiyalardan yayınmağın üsullarını öyrədəcək
18.04.2022 Elbəyi Həsənli Tərəfindən

Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başladı. O vaxta qədər dünyada Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan ən çox əziyyət çəkən ölkə İran idi. Qısa müddət ərzində Rusiyaya təbiq olunan sanksiyalar İranı geridə qoydu…

Sanksiyalardan yayınmaq sahəsində ciddi təcrübə əldə emiş İran hazırda Rusiya üçün xüsusi önəm daşıyır. Belə ki, Rusiya da bu sanksiyaların zərbəsindən yayınmaq üçün yollar axtarır. Ona görə də İranın əldə etdiyi təcrübə Rusiya üçün son dərəcə önəmlidir. O da bəllidir ki, İran özü Rusiyaya sanksiyadan yayınmağın üsullarını öyrətməyə hazır olduğunu bəyan edib…

İran kimi Rusiyanın da ixrac etdiyi əsasən neftdir. Bəs Rusiya neft satışını sanksiyalardan necə yayındıra bilər? Artıq ABŞ və Böyük Britaniya Rusiya neftini almaqdan rəsmən imtina edib. Avropa Birliyi də bu istiqamətdə ciddi addımlar atmaqdadır. Tezliklə Avropa Birliyi bütövlükdə Rusiyadan neft idxalına son qoyacaq…

Belə bir ortamda Rusiya neftini necə sata bilər? Qərb mediası bildirir ki, İran öz neftini sanksiyalardan kənarda olan ölkələrin tankerlərinə vuraraq həmin ölkələrin bayrağı altında neft satışı ilə məşğul olub. Bu sahədə ciddi uğurlar qazanıb. Eyni üsuldan Rusiya da yararlana bilər və artıq bu proses başlayıb…

Bəli, Rusiya bu yolla sanksiyalardan müəyyən qədər yayına bilər. Ancaq bu məsələdə önəmli bir nüans var. Belə ki, Rusiya əsasən Qərb ölkələrinə neft və qaz satırdı. Məsələn, Rusiyanın Qərbə satdığı qazın qiyməti ilə Çinə satdığı qazın qiymətindən 10 dəfə bahadır. Yəni Qərbə 10 dollara satdığı şeyi Çinə cəmi 1 dollara verirdi…

Təbii ki, Qərbdəki neft və qaz bazalarını itirən Rusiyanın gəlirləri kəskin şəkildə aşağı düşəcək. Hələ orası da var ki, Rusiya əvvəlki həcmdə neft və qaz sata bilməyəcək…

Təbii ki, Rusiyadan sonar Qərb bazarlarında yaranmış böyük boşluğu doldurmaq üçün Azərbaycanın əlində ciddi fürsət düşüb. Düzdür, Azərbaycanın bu boluğu doldurmaq üçün imkanları xeyli məhdudur. Ancaq Azərbaycan Orta Asiya və İrandan aldığı neft və qazın hesabına Avropaya neft və qaz ixracını xeyli artıra bilər.

Siyasi şərhçi Elbəyi Həsənli

Visiontv.az