İran mediası Azərbaycanın NATO ilə əlaqələrini hədəfə aldı
10.11.2025

İran Xarici İşlər Nazirliyinə yaxınlığı ilə tanınan “İran diplomatiyası” nəşri Azərbaycanın NATO ilə əməkdaşlığı və Bakıda keçirilən son görüşlə bağlı absurd iddialarla çıxış edib.

Nəşr bu prosesi “Azərbaycanın Qərbin xeyrinə regional tarazlığı dəyişmək cəhdi” kimi qiymətləndirib və NATO-Azərbaycan əməkdaşlığını “Cənubi Qafqazı hərbiləşdirmək” kimi təqdim etməyə çalışıb.

Məqalədə Azərbaycanın NATO üzvü olan 15 ölkənin nümayəndələri ilə Bakıda keçirilən görüşündən bəhs olunub. Sayt iddia edir ki, bu görüş “sadə diplomatik tədbir deyil” və guya “Qərb İranın şimal sərhədlərində hərbi və kəşfiyyat əməkdaşlığını dərinləşdirmək məqsədi güdür”.

İran nəşri yazır ki, NATO Azərbaycanı “Qara dəniz–Xəzər xətti boyunca təhlükəsizlik zəncirinin əsas halqası” kimi görməyə başlayıb və bu proses “İran və Rusiyanın Qafqazdakı təsirini məhdudlaşdırmağa xidmət edir”.

Məqalədə Azərbaycanın regiondakı təşəbbüsləri barədə aşağıdakı iddialar irəli sürülür:

• Azərbaycan guya “İran və Rusiyanın Qafqaza diqqətinin azalmasından istifadə edir”;

• Bakı NATO ilə əməkdaşlığı “Türkiyə vasitəsilə Qafqazda hərbi xətt qurmaq” məqsədilə genişləndirir;

• “Tramp marşrutu” adlandırılan dəhlizin guya “NATO dəhlizi”nə çevrilməsi məqsədəuyğundur;

• Bu dəhliz reallaşarsa, “İranın Ermənistanla quru bağlantısını itirəcəyi və Şimali Qafqaza çıxışının bağlanacağı” iddia olunur.

Nəşr Azərbaycanı “Qərbin aləti kimi qələmə verməyə” çalışaraq, bu prosesi bölgə üçün “təhlükə” kimi göstərir. Məqalədə, habelə, İran hökumətinə Cənubi Qafqazla bağlı siyasəti sərtləşdirmək çağırışı da edilir.

visiontv.az