İran kommunikasiyaların açılmasına mane olmamalı, Azərbaycanın daxili işlərinə qarışmamalıdır
İran kommunikasiyaların açılmasına mane olmamalı, Azərbaycanın daxili işlərinə qarışmamalıdır
06.10.2021 Nəsib Məhəməliyev Tərəfindən

Mütəxəssislər Prezident İlham Əliyevin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması ilə bağlı verdiyi fərmanı ciddi iqtisadi layihə olmaqla yanaşı, həm də region üçün geopolitik əhəmiyyətini də vurğulayırlar.

Bu layihənin həmçinin İrana yönəlik bir müsbət çağrış kimi də izah edənlər var. Bu barədə, həmçinin Prezidentin Araz sahilindən İrana yönəlik verdiyi mesajlar barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbət etdik.

- Nəsib müəllim “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bölgə və Azərbaycan üçün hansı iqtisadi üstünlüklər yaradacaq?

-“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında fərman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə apardığı geniş miqyaslı işlərin tərkib hissəsidir və Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafında əhəmiyyətli rol oynayacaqdır. AVİZ-da sərhəd-keçid, gömrük məntəqələrinin, nəqliyyat-loqistika mərkəzinin, sənaye parklarının, istehsal, xidmət müəssisələrinin açılması nəzərdə tutulmuşdur. Bunların hər birisində çoxsaylı yeni iş yerlərinin yaradılması, orada yaşayan əhalinin məşğulluq probleminin həlli ilə yanaşı, büdcənin formalaşması təmin olunacaqdır. Təbii, iqtisadi inkişaf təmin olunmalıdır ki, sosial layihələr icra olunsun. Bu baxımdan ölkə Başçısının hər bir bölgə üzrə həyata keçirdiyi layihələr, hər tərəfli düşünülmüş, ən müasir standartlara cavab verir.

-Prezidentin Araz çayı sahillərindən İrana yönəlik çağrışlarının siyasi və geopolitik əhəmiyyəti nədir?

-Prezident təkcə İrana yönəlik deyil, Ermənistana, ümumiyyətlə region dövlətlərinə, eyni zamanda beynəlxalq təşkilatlara növbəti dəfə yaranmış vəziyyətlə bağlı düşüncələrini çatdırdı. Azərbaycan dövlətinin əldə olunmuş razılıqlara riayət etdiyini bir daha ictimaiyyətə bəyan etdi. İranla bağlı fikirlərə gəldikdə isə, qeyd etməliyəm ki, cənab Prezident ilk dəfə cənub qonşumuzun uzun illər ərzində apardığı anti-Azərbaycan siyasətinə reaksiya verdi. Bu ölkə son 30 ildə, üzdə özünü dost, qardaş adlandırmaqla, bütün davranışları ilə işğalçının yanında olmuş, hər tərəfli dəstək vermişdir. Ermənistan üçün “nəfəslik” rolunu oynamaqla, praktiki olaraq ayaqda qalmasını təmin etmişdir. Prezident, peşəkar dövlət adamı olaraq, səbir və təmkinlə, İran üçün ən çətin anlarda belə, qonşuluq siyasətinə sadiqliyini göstərmişdir. Çox təəssüflər olsun ki, qarşı tərəf bu alicənablığı lazımınca qiymətləndirməyi bacarmadı. Çox danışmaq istəmirəm. Hər kəs, hər şeyi çox gözəl, kimin dost, kimin düşmən olduğunu çox gözəl bilir. Biz İranla münasibətlərin normal olmasında maraqlıyıq. İran da öz növbəsində destruktiv fəaliyyətindən əl çəkməli, kommunikasiyaların açılmasına, Ermənistanla sülhün bərqərar olmasına mane olmamalı, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Çağırışların geopolitik əhəmiyyətinə gəldikdə isə, düşünürəm ki, müsbət nəticələri olacaqdır. Ən azından bütün tərəflər, Azərbaycan üçün qırmızı xəttin haradan keçdiyi barədə ölkənin 1-ci şəxsinin dilindən eşitdilər. Bizim mövqeyimiz beynəlxalq hüquqa əsaslanır və hər kəs hesablaşmaq məcburiyyətindədir.

-Prezidentin verdiyi açqılamalar bölgədə sülhün yaranmasına və İranını belə deyək ağıllanmasına kömək edəcəkmi?

-Prezidentin verdiyi açıqlamaların, İranın ağıllanmasına kömək etməsi, mürəkkəb məsələdir. Açığını desəm, İranın apardığı siyasəti normal məntiqlə izah etmək mümkün deyil. Bu ölkənin Ermənistanı çıxmaq şərti ilə bütün qonşuları, islam ölkələri, ümumiyyətlə dünyanın əksər ölkələri ilə problemləri var. Uzun illərdir, sanksiyalardan əziyyət çəkir, təbii sərvətlərinin həcminə görə dünyada ilk 5-likdə olmasına baxmayaraq, əhalinin xeyli hissəsi yoxsuldur. Hansı ölkədə, İranın barmağı varsa, orada çaxnaşma var. İslam dininə aidiyyəti olmayan nağıllar uydurmaqla, bütöv dövlətlərin normal inkişafının qarşısını almışdır. Nə qədər ki, molla rejimi hakimiyyətdədir, bir çox suallar cavabsız qalacaqdır.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

İlahə Əliyeva

Visiontv.az