İnsanımızın uğuru
İnsanımızın uğuru
11.01.2022 Bəybala Mirzəyev Tərəfindən

200 illik işğal və 70 illik sovetlər dönəmindəki məhdudiyyətlər azərbaycanlıların xaricə çıxış imkanlarını tamamilə əllərindən almış və onların öz istedadlarını, potensiallarını, bacarıqlarını realizə etmələrini sərt şəkildə əngəlləmişdi.

Ancaq son 30 ildə "dəmir pərdə"nin aradan qalxması azərbaycanlılara dünyanı yenidən kəşf etmək və dünyanın azərbaycanlıları kəşf etməsinə olduqca münbit zəmin yaradıb. İndi azərbaycanlıların səsləri dünyanın hər yerindən gəlməkdədir.

Nə xoş ki, son dövrlərdə tez-tez bu və ya digər azərbaycanlının uğur hekayəsini oxuyuruq, xaricdə uğur qazanmış yeni-yeni soydaşlarımızı tanıyırıq.
Bəzi soydaşlarımızın səsi "Amazon"dan gəlir. Bu biznes nəhəngində menecer işləyən Günel Ağazadə, Turan Qocayev, Yaşar Əhmədli kimi uğurlu gənclərimiz var.

“Google”da işləyən azərbaycanlı gənc Esmiralda Şirinovanın uğur hekayəsi də bir ayrı cürə maraqlıdır.

İngiltərədə müvəffəqiyyətlə təhsil alan və bu yaxınlarda AUKAA-nın (Böyük Britaniyada təhsil almış və almaqda olan azərbaycanlıların Asosiasiyası) idarə heyətinin sədri seçilmiş Günel Musayeva da örnək göstəriləsi soydaşlarımızdandır.

Hətta NASA kimi mötəbər kosmik və elmi tədqiqat mərkəzində çalışan soydaşımız da olub. Söhbət gənc alim Teymur Sadıqovdan gedir.

Bugünlərdə isə xaricdə yaşayan daha bir soydaşımızın uğuruna şahidlik etdik. Belə ki, ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Rəna Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Təki olsun.

Təki soydaşlarımız bu və ya digər xarici ölkənin istər mədəni həyatında, istərsə də siyasi, idarəetmə, təhsil, biznes sferalarında yerləşməkdə, uğurlu karyera qurmaqda ermənilərdən geri qalmasınlar.

Və günün birində də eşidək ki, bir Azərbaycan türkü Nyu Yorkun və ya Londonun meri seçilib. Və yaxud, başqa bir azərbaycanlı Avropa Parlamentinin (AP) sədri seçilib.

Əgər bir italiyalı AP-nın sədri, bir indus Londonun meri seçilə bilirsə,  bizim soydaşlarımız da hədəflərinin ölçüsünü böyüdüb, nə vaxtsa bu postlara iddialarını ortaya qoya bilərlər.

Yəni demək istədiyim budur ki, xalqımızın, insanımızın canında olduqca böyük potensial var. Bu potensial əlverişli şəraitdə dərhal boy göstərməyə başlayır.

Müstəmləkə buxovları bu potensialımızın qarşısını almışdı. Xatırlayırsınızsa, çar Rusiyası dönəmində bizim xalqın nümayəndələrini hətta əsgər də aparmırdılar. Və yaxud da ki, ermənilər üçün, gürcülər üçün məktəblər açırdılar, amma bizim üçün məktəb açılmırdı. Mümkün qədər çalışırdılar ki, xalqımız inkişafdan dayansın, kölə olsun.

Şükürlər olsun ki, o günlər arxada qaldı. İndi zaman azərbaycanlıların özünü təsdiq zamanıdır.

Təki uğur qazanan insanlarımız lap çox olsun. Hər bir soydaşımızın uğuru həm də bizim uğurumuzdur!

Bəybala Mirzəyev

Visiontv.az