İnformasiya savaşında "barıtı çoxetmə" zərurəti - Mirzə Rəşad Bakuvi
21.10.2020

...yaxud allah qoymasa ultra realist olub nağayrmışıq, hansı daşı daş üstə qoymuşuq?!

Dostlardan biri yazır: Türkiyə mediası Azərbaycan ordusunun gücünü, qüdrətini daha qabarıq ifadə etmək istəyir, bunu anlayırıq, ancaq bəzən barıtı çox edir. Məsələn, deyir ki, Azərbaycan Ordusu Şuşaya girib və s. Bəs, yaxşı olar ki, rəsmi məlumatlara istinad olunsun falan... Ağıl qoyur bir sözlə!

Cavab verirəm:  Qardaş, mənim artıq boğazım yırtılıb e deməkdən ki, əndazəni aşacaq dərəcədə realist olmaqla əlimizə heçnə keçməyəcək! Düşmən ömrü boyu yalanları düz kimi sırıyıb əlimizdən, az qala, hər şeyimizi alacaqdı. Başa düşmək lazımdır ki, informasiya özü də bir silahdır! Həm də beyinləri qarışdıran bir silah!

Bəzən barıtı çox edəcək dərəcədə danışmağa, informasiya yaymağa gərək var ki, düşmən bundan vahiməyə düşsün, başını itirsin, canını qoymağa yer tapmasın. Məsələn iki gün öncə yayılan xəritəni götürək. Sizcə, təsadüf idi? Yox! Bir təzyiq idi ki, qoy düşmən bilsin ki, sən demə, Ordumuz artıq Şuşadadı. Çoxlu sayda "ultra ağıllı"lar da düşüblər ortaya ki, ay mənbə göstər, ay zırt belə oldu, ay pırt helə oldu, yalan danışmayın, "fake" məlumat paylaşmayın və sair və ilaxır.

Biz hələ bəbəyik e, indi öyrənirik informasiya ilə işləməyi. Camaat min ildir vuruşur dünya ilə bütün cəbhələrdə, durub onlara dərs keçəcəyik? Türkiyə mediasının köməyi olmasaydı, biz indi Allah bilir nə günlərə qalmışdıq. Hökumət ağılsız deyil ki, türk jurnalistlərini döyüşlərin getdiyi ən qaynar nöqtələrə buraxıb. Türkiyə TV-ləri bizdən daha sürətli informasiya almaq imkanına malikdirlər, hətta neçə rayon və kəndin təmizləndiyini də real döyüşlərin getdiyi nöqtələrdəki müxbirlərindən öyrənə bilirlər, ona görə bizim bilmədiyimiz işğaldan azad etmə miqyasını onlar daha rahat ifadə edirlər. Biz isə qulağımızı və gözlərimizi dikmişik yalnız

Prezidentin ağzına və yazdığı tvitlərə.

Mən bəzən bir şey eşidirəm, onu götürüb yazıram artıq dozalı şəkildə. Hətta bəzəyirəm də yazdığımı biraz. Vəssalam da. Biri mırt muncuğu kimi çıxır ortaya ki, başlayır ağıllı-ağıllı dil pərgarlığı etməyə, bəs belə deyil axı, niyə helə yazırsan-filan. Deyirəm, bilirəm e helə deyil, ama olma ehtimalı var axı, təhlükəni görürəm, hiss edirəm, indidən yazıram ki, informativ təzyiq yaransın, ictimai fikir formalaşsın. ...və olma ehtimalı yüksələn bir hadisənin önünə keçilə bilsin...
yəni oyun qaydaları var da...

Visiontv.az