İmzalarına hörmət etməyənlər...
İmzalarına hörmət etməyənlər...
04.08.2022 Bəybala Mirzəyev Tərəfindən

Paşinyanın ardınca Rusiya prezidenti Vladimir Putin də bu gün təcili toplantı keçirdi.

Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirən Putin Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib. Və Kremlin mətbuat katibi Dmitri Peskovun deməyinə görə, sözügedən müşavirədə "üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”.

Rusiya Xarici İşlər Nazirliyi də vəziyyətlə bağlı açıqlama yayaraq bildirib ki, "Rusiya Qarabağdakı gərginlikdən dolayı öz narahatlığını ifadə edir".

Bir sözlə, sən demə, Putin yaman narahat olub. Və 10 noyabr razılaşmasının imzalanmasının üzərindən iki ilə yaxın bir vaxt keçəndən sonra birdən-birə Putinin yadına düşüb ki, üçtərəfli razılaşmanın bütün bəndlərinin icrası vacibdir. 

Bu da dolayısı yolla onu təsdiqləyir ki, Putin üçtərəfli razılaşmanın bütün bəndlərinin icrasını indiyə qədər özü qəsdən yubadıb. Yəni ki, Peskovun açıqlamasının məzmunundan belə məntiqi nəticəyə gəlmək olur. 

Ümumiyyətlə, Ermənistan və Rusiya liderləri öz imzalarına hörmət etməməkləri ilə tanınırlar. Ona görə də Azərbaycan Ermənistanı 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirməyə güc yoluyla məcbur etməli olur. Zatən Paşinyanın bu gün səsləndirdiyi hiyləgər fikirlər də bizə güc yolundan başqa bir yol saxlamır.

Bəybala Mirzəyev

Visiontv.az