İlham Əliyevdən BNA rəhbərinə parkinqlə bağlı irad: "Hər şeyə ədalətli yanaşmalıyıq"
18.02.2020

"Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək".

Visiontv.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar:

"Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir.

Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyətli dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız".

BAKU.WS