İlham Əliyev-Paşinyan görüşünün baş tutmamasını arzulayan qüvvələr kifayət qədərdir
İlham Əliyev-Paşinyan görüşünün baş tutmamasını arzulayan qüvvələr kifayət qədərdir
15.10.2021 Nəsib Məhəməliyev Tərəfindən

Son günlər Rusiya sülhməramlılarının məsuliyyət zonasında silahlı erməni separatçılarının fəallaşması, təxribatlar törətməsi, Azərbaycan əsgərini şəhid etməsi bölgədə gərginliyi yenidən artırıb. Mütəxəssislərin fikrincə erməni separatçılarının bu təxribatları Moskvada baş tutması gözlənilən İlham Əliyev-Paşinyan görüşünü pozmağa yönəlib.

Bu və digər məsələlər barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev Visiontv.az-yə müsahibə verib.

-Qarabağda Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdən silahlı erməni sepatçı dəstələrin tez-tez azərbaycanlı əsgərlərə atəş açması hətta öldürməsi faktı nə ilə əlaqədardır?

-Rusiya sülhməramlılarının məsuliyyət zonasında ermənilərin snayper atəşi ilə əsgərimizi qətlə yetirməsi ağır cinayətdir və əvvəlcədən düşünülmüş məqsədyönlü təxribatdır. Gələcəkdə belə təxribatların baş verməməsi üçün on qat artıqlaması ilə cavabı verilməlidir. Rusiya-Türkiyə monitorinq mərkəzinin iştirakı ilə cinayəti təşkil edənlər, bilavasitə icraçılar operativ şəkildə müəyyənləşdirilməli və qanuna uyğun şəkildə cəzalandırılmalıdırlar.

Təxribatın, Minsk şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində törədildiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, iki ölkə arasında sülh müqaviləsini arzulamayan, gərginliyin saxlanmasında maraqlı qüvvələr vardır. Fikir verin. Paşinyan, daha sonra İranın xarici işlər naziri Moskvaya səfərləri çərçivəsində öz maraqlarını təmin edəcək yanaşma tələb etmələrinə baxmayaraq, lazımi dəstək almadılar. Separatçıların ,,lideri,, Arutyunyan İrəvanda və Xankəndində  döyüşçü zabitlərlə görüşlər keçirir. Düşünürəm ki, Ermənistan ciddi xarici təzyiqlər, təhdidlər altındadır. Ona görə də, onun davranışları üçtərəfli razılaşmalara görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq məqsədi güdür.

-Azərbaycan tərəfi bu cür təxribatlara qarşı daha sərt tədbirlər görməlidirmi? Məsələn anti-terror əməliyyatı keçirə bilərmi?

-Hal-hazırda Azərbaycanın təkbaşına  anti-terror əməliyyatı keçirməsi üçün texniki baxımdan heç bir problem yoxdur. Ancaq, bu nizamlama prosesinə mane ola bilər. Hadisə sülhməramlıların nəzarət etdiyi ərazidə baş vermişdir. Onlardan tələb edilməlidir ki, 10 noyabr razılaşmasının bütün bəndləri qeyd-şərtsiz icra olunsun.

-Erməni separatçılarının  bu cür addımları geri qayıtmaq istəyən vətəndaşlarımızı qorxutmaq, orada gedən tikinti-bərpa işlərini pozmaq cəhdi kimi qiymətləndirmək olarmı?

-Əgər ermənilər belə düşünürlərsə, kökündən yanılırlar. 44 günlük müharibədə Azərbaycan əsgəri ölümünü düşünmədən düşmənin üzərinə getmək bacarığını dünyaya sübut etdi. Belə cılız hərəkətlərlə Azərbaycan xalqını qorxutmaq mümkün deyil. Tikinti-bərpa işləri intensiv şəkildə, minalar təmizləndikcə daha geniş arealda davam etdiriləcəkdir.

-Bu cür təxribatların baş verməsi qarşıda gözlənilən İlham Əliyev-Paşinyan görüşünün baş tutmamasına yönəlik ola bilərmi?

-Müşahidələr göstərir ki, bu cür hadisələr gələcəkdə də təkrarlana bilər. İlham Əliyevlə Paşinyanın görüşünün baş tutmamasını, regionda gərginliyin artmasını arzulayan qüvvələr kifayət qədərdir. Buna baxmayaraq, düşünürəm ki, yaxın zamanlarda görüş baş tutacaq, böyük sülh müqaviləsinin bağlanması istiqamətində müəyyən addımlar atılacaqdır. Alternativi yoxdur.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

İlahə Əliyeva