İlham bəylə bir yerdə bu mövzuları cənab Putinlə masada danışmağımız lazımdır - Ərdoğan
18.01.2022

“Valyuta məzənnələrində dəyişkənliyin azalması və sabitliyin davam etməsi bizi sevindirir. Məzənnə də yavaş-yavaş azalacaq, faiz də eyni şəkildə düşəcək. 2022-ci il bizim ən parlaq ilimiz olacaq və biz 2023-cü ilə belə girəcəyik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan, “Balkan ölkələri Türkiyəsiz olmaz. Balkan ölkələrində Türkiyə olaraq varıq” dedi. 

Ukraynadaki son vəziyyətə toxunan Ərdoğan, "Əgər qorxduğumuz olarsa, Rusiyanın Ukraynanı işğalı gündəmə gələrsə, NATO ölkəsi olaraq Türkiyə necə hərəkət edər?” sualına belə cavab verib: “Rusiyanın Ukraynaya müdaxiləsini real yanaşma kimi görmürəm. Ukrayna adi yox, güclü bir dövlətdir. Bundan başqa, Rusiya bu addımı ata bilmək üçün bütün dünyadaki vəziyyəti və öz vəziyyətini nəzərə almalıdır.

Azərbaycan prezidenti İlham Əliyev Ukraynadaydı. Mən də İlham bəylə danışacağam. Təbii ki, cənab Putinlə də bu mövzuları masada danışmağımız lazımdır. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilməz. Bu doğru da olmaz. Artıq müharibəni siyasət tarixindən silib atmalıyıq. 'Mən bir yerin torpaqlarını işğal edim' məntiqiylə bu işlər getməz.

Krıma gəlincə, mən həmişə cənab Putinlə keçirdiyimiz hər görüşdə ona deyirəm ki, biz Krımın işğalına qarşıyıq. Bunları bizim Xarici İşlər Nazirliyi də həmsöhbətlərinə deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır.”

İlahə Əliyeva