İKT şirkətlərinin Ermənistana üz tutması Avropa ölkələrinin planlanmış şəkildə apardığı siyasətdir
İKT şirkətlərinin Ermənistana üz tutması Avropa ölkələrinin planlanmış şəkildə apardığı siyasətdir
07.09.2022 Elvin ABBASOV Tərəfindən

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan və Ermənistana ümumilikdə 20 mindən çox İKT mütəxəssislərin gəldiyi haqqında müxtəlif mediya mənbələrində məlumatlar yayılıb. Ermənistan İKT rəsmilərinin çıxışlarından görmək olar ki, bu ölkəyə bütöv İKT şirkətlər miqrasiya edir.

Bununla bağlı bir sıra suallar meydana çıxır. Əsas suallardan biri də budur ki, Rusiyanı tərk edən İKT mütəxəssisləri niyə Azərbaycana yox, Ermənistana gedir? Mövzu ilə bağlı “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İdarə Heyətinin sədri Elvin Abbasov Visiontv.az saytına açıqlama verib. 

Ümumiyyətlə ikinci Qarabağ müharibəsində bütün dünya liderləri dolayı şəkildə bəyan etdilər ki, Ermənistan təcavüzkar ölkədir. Misal üçün fransız şagirdlərlə görüşdə Fransa prezidentindən soruşmuşdular ki, biz niyə Ermənistana kömək edə bilmirik? Fransa prezidenti cavabında bildirmişdi ki, Azərbaycan öz torpaqlarında döyüşür. Həmçinin də Rusiya prezidenti Ermənistan xalqının utopik gözləntilərinə cavab olaraq dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarında savaşır. Ona görə də Təhlükəsizlik Şurası münaqişəyə müdaxilə edə bilmir. Beləlikə bir çox dünya liderləri ifadə ediblər ki, Azərbaycan bu savaşda haqlıdır. Bu isə avtomatik olaraq o deməkdir ki, Ermənistan təcavüzkar tərəfdir.  Bundan başqa ikinci Qarabağ savaşı zamanı Ermənistan prezidenti Armen Sarkisyan bir müsahibəsində bildirmişdi ki, biz elə bilirdik ki, informasiya texnologiyaları sahəsində Azərbaycandan daha irəlidəyik.

Amma sonra bildim ki, məni bu sahədə də aldadıblar. Yəni Azərbaycanın İKT sahəsində istifadə etdiyi texnoloji imkanlar, ermənilərə bu istiqamətdə güc göstərməsi Ermənistan prezidentini dilə gətirdi. Hal – hazırda sual olunur ki, İKT sektorunda olan Avropanın inkişaf etmiş şirkətləri nəyə görə indi öz ofislərini məhz Ermənistanda açır? Xüsusən Rusiya–Ukrayna müharibəsi nəticəsində Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra bir çox xarici şirkətlər Rusiyadakı ofislərini bağladılar. Hazırda isə həmin şirkətlərin bəziləri Ermənistanda ofis açırlar. Təbii ki, Rusiya mütəxəssisləri də Ermənistana getməlidir. Çünki dediyim kimi şirkətlər ofislərini Ermənistanda açır. Yəni bu Avropa ölkələrinin planlanmış şəkildə aparadığı siyasətdir. Ermənistana olan mütəxəssis axını planlanmış bir aksiyadır. Bununla da Qərb ölkələri Ermənistana süni şəkildə reputasiya qazandırır. Və Rusiyada fəaliyyət göstərən Qərb ölkələrinə məxsus İKT şirkətlərinin məcburi şəkildə Ermənistana köçürülməsi prosesi gedir. Lakin bu gün Ermənistan dövləti bu prosesi guya ölkəsinin İKT sahəsi üzrə inkişafı ilə əlaqələndirir. Bu tamamilə cəfəngiyyatdır.  Amma bununla belə Qərb öz siyasətini hər zaman dəqiq və planlı şəkildə aparır. Sözsüz ki, Ermənistan yaranmış bu vəziyyətdən faydalanaraq müəyyən nailiyyətlər əldə edəcəkdir. Fikrimcə Rusiya öz ölkəsində İKT sahəsində vəziyyəti daha da münbitləşdirməlidir. Məlumdur ki, Rusiyada İKT sektoru vergidən azaddır. Nəticədə Rusiyanın bu sahədə uğurları var. Və Rusiya çalışmalıdır ki, öz ölkəsindən beyin axını köçü olmasın.

Hazırladı: Bünyamin Bünyadzadə

Visiontv.az