İkinci soyuq müharibə və üçüncü ölkədə dialoq çağırışı-Nurlan Qələndərli
17.04.2021

Yaxud yeni mərhələdə ABŞ-Rusiya dialoqu necə olacaq?

ABŞ Prezidenti Rusiya Prezidenti ilə telefon danışığı zamanı üçüncü ölkədə zirvə toplantısı keçirmək təklifi ilə çıxış edib. Əlbəttə, bu, bəzi məsələlər ətrafında dialoq platformasının yaradılması çağırışıdır. Lakin hələ əməkdaşlıq, yaxud qarşılıqlı inteqrasiya demək deyil. Sammit təklifi iki ölkə üçün qlobal əhəmiyyətli bəzi məsələlərin müzakirəsi və yeni dönəmdə tərəflərin bir-birinin özlərinə yönəlik strateji prioritetlərini müəyyənləşdirməsi baxımından aktualdır.

Düşünürəm ki, ABŞ və Rusiya arasında yaradılacaq yeni dialoq platformasında bir neçə məsələ prioritet olacaq. Bunlardan biri tərəflərin təsir imkanlarına malik olduğu strateji əhəmiyyətli regionlarda rəqabət, uzlaşma və əməkdaşlıq məsələsi olacaq. Razılaşmalar əldə ediləcəyi təqdirdə, bəzi regionlarda bu güc mərkəzlərinin bir-birinə qarşılıqlı güzəştlərinin şahidi ola bilərik.

Digər məsələ silahlara nəzarət üzrə dialoqun davam etdirilməsidir. Bu problem üzrə razılaşmaların qısa müddətdə əldə ediləcəyi qənaətində deyiləm. Yəni silahlara nəzarət üzrə müzakirələr müxtəlif formatlarda və səviyyələrdə davam edəcək, bəzən gərginlik səbəbi olacaq. Bütövlükdə, bütün bu məsələlər təkcə ABŞ və Rusiya üçün deyil, ümumilikdə regional və qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyətlidir.

Yeni əməkdaşlıq şəraitinin yaranmasına baxmayaraq, tərəflər arasında geostrateji rəqabətin ən aktiv fazaya qədəm qoyacağını proqnozlaşdırmaq olar. Bir sözlə, beynəlxalq münasibətlər sistemində yeni mərhələyə keçidi sürətləndirəcək ABŞ-Rusiya strateji mübarizəsinin növbəti və daha gərgin fazası başlayıb.

visiontv.az