İctimai nəzarəti həyata keçirmək, nöqsanları obyektiv şəkildə işıqlandırmaq hər bir mətbuat nümayəndəsinin peşə borcudur-deputat Nəsib Məhəməliyev
22.07.2020

Hörmətli mətbuat nümayəndələri.

22 iyul mətbuat günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, səadət arzulayıram.

Mətbuat, vətəndaş cəmiyyətinin əsas institutlarından biri olaraq, ictimai fikrin formalaşmasında, informasiyanın operativ çatdırılmasında olduqca əhəmiyyətli rol oynayır. Mənsub olduğu xalqın sosial-iqtisadi-mədəni inkişafında, tarixinin, mədəniyyətinin, beynəlxalq aləmdə təbliğində rolu danılmazdır. Müasir dünyada azərbaycan insanının müsbət imicinin formalaşmasında, Ermənistan kimi düşmənlə mübarizədə, informasiya müharibəsinin dəqiq aparılması, cəmiyyəti parçalamaq yox, birləşdirmək kimi vəzifələr, peşəkar mətbuat işçilərinin üzərinə çox böyük məsuliyyət qoyur. Ən müqəddəs vəzifə isə, dövlət müstəqilliyimizin möhkəmlənməsi, təhlükəsizliyimizin, ictimai-siyasi sabitliyin qorunması olmalıdır.

Mətbuatı haqlı olaraq 4-cü hakimiyyət adlandırırlar. Bu baxımdan, ölkə Başçısı İlham Əliyevin başladığı çox şaxəli islahatlara dəstək verərək ictimai nəzarəti həyata keçirmək, yerlərdə mövcud olan nöqsanları obyektiv şəkildə işıqlandırmaq isə, hər bir mətbuat nümayəndəsinin peşə borcudur.

Dəyərli mətbuat nümayəndələri.

Bir daha peşə bayramınızı təbrik edirəm. Arzu edirəm ki, işğal altında olan torpaqlarımızın qələbə xəbərini xalqımıza çatdırmaq kimi müqəddəs missiyanı yerinə yetirmək bəxtinizə düşsün.

Visiontv.az