“İbtidai sinif müəllimləri var ki, qramatikada feillə sifəti səhv salırlar…”
“İbtidai sinif müəllimləri var ki, qramatikada feillə sifəti səhv salırlar…”
06.06.2023 MEDİA Tərəfindən

Ölkəmizdə təhsillə bağlı mübahisəli məsələlərdə ən çox müzakirə olunan mövzulardan biri də gənc və yaşlı müəllimlərin pedaqoji fəaliyyətlərinin müqayisəsidir.

Daha effektiv tədrisin əldə olunması üçün müəllimlərin gənc və ya yaşlı olması amili şərtdirmi? Mövzu ilə bağlı təhsil mələlələri üzrə ekspert Elçin Əfəndi Visiontv.az saytına açıqlama verib:

“Dediyiniz məsələ əlbəttə ki, aktual məsələdir. Çünki, hər tədris prosesi və eyni zamanda tətbiq olunan təhsil proqramı əvvəlki dövrlə indiki dövr arasında tamamilə fərqlənir. Yəni, ölkəmizdə 2008 - 2009 - cu ilə qədər təhsil proqramından istifadə olunurdu. 2009 – cu ildən etibarən isə K urikulum təhsil sisteminə keçildi. Artıq biz orta ümumtəhsil müəssisələrində dərslərin tədrisini aparırıq.

Eyni zamanda ali məktəblərimizdə də 2004 – 2005 – ci illərdən Boloniya sistemi tətbiq olunub. Əlbəttə ki, yaşlı və gənc nəsil məsələsində diqqət etməli olduğumuz məqamlar var. Məsələn nümunə olaraq deyə bilərəm ki, tutalım ki, 2008 – 2009 – cu illərdə Kurikulum təhsilə başlayan birinci sinif şagirdləri 2019 – cu ildə məktəbi bitiriblər. Bu il isə onlar ali təhsil müəssisələrini bitirirlər. Onların içərisindən ibtidai təhsil alan, ümumiyyətlə pedaqoji yöndə təshil alan şəxslərin nəticələrini biz bir neçə il sonra biləcəyik.

Yəni, Kurikulum təhsil sisteminin məntiqi nəticəsini həmin pedaqoqların nəticələrində görəcəyik. Biləcəyik ki, bu sistem nə dərəcədə bizim üçün bilik əldə etməyə imkan verir. Biz Kurikulum təhsil sisteminə diqqət yetirsək görərik ki,  əsasən yaşı 50 – nin üzərində olan müəllimlər bu prosesə tamam yaddırlar. Demək olar ki, bu sistemi o qədər dərindən bilmirlər. Belə olan halda mövcud təhsil proqramı ilə bağlı müəyyən nöqsanlar ortaya çıxır.

Təsadüfi deyil ki, ümumiyyətlə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verilib. Sertifikasiya imtahanları keçirilir. Bu bir növ tədris prosesinə yad olanlar tədricən sıradan çıxarılacaqdır. 

Gənc nəsil təbii ki, daha enerjili və daha çox çalışmaq istəyirlər. Yaşlı nəsillə müqayisədə bu fərqlər ortaya çıxır. Amma bütün yaşlı nəsilin nümayəndələrinin hamısı prosesdən kənar deyil. Öz üzərində işləyən kifayət qədər yaşlı nəsil müəllimlər var ki, yetərincə müasir bacarıqları mənimsəyiblər.  Bu da istisnalardır.

Müşahidə etdiyim ağrılı bir məqamı qeyd etmək istərdim. Sertifikasiya imtahanına hazırlığa gələn İbtidai sinif müəllimləri var ki, feillə sifəti səhv salırlar. Və yaxud ibtidai sinif səviyyəsində riyazi hesablamalarda çətinlik çəkirlər. Bu dərəcədə acınacaqlı vəziyyət var. Belə olan halda həmin şəxslərin təhsil sistemində saxlanılması ilə nəyə nail ola bilərik? Bu sual tutarlı cavab istəyir. Ona görə də müqayisə aparılarkən bu amilləri nəzərə almağı uyğun bilirəm.”
  
Bünyamin Bünyadzadə
Visiontv.az