I Avropa Oyunlarının iştirakçısı rusiyalı boksçu rinqdə öldü - VİDEO
24.07.2019

Rusiyalı boksçu Maksim Dadaşov dünyasını dəyişib.

VisionTV.az  xəbər verir ki, sonuncu dəfə iyulun 20-də rinqə çıxan Maksim aldığı zədələrdən vəfat edib.

Dadaşov ABŞ-ın Okson-Hill şəhərində İBF versiyası üzrə orta-ağır çəkidə dünya çempionluğu uğrunda döyüşdə puertorikalı Subrielem Matiasla qarşılaşıb.

11-ci raundda Maksim ardıcıl zərbələr aldığından rusiyalı idmançının komandası keçirilən görüşü dayandırmaq məcburiyyətində qalıb.

Rus boksçu rinqi tərk etdiyi zaman qəflətən huşunu itirib və yerə yıxılıb. Həkimlərin ilk müdaxiləsi və cərrahi əməliyyat fayda verməyib. O, xəstəxanada vəfat edib.

İdmançının yaxınlarının verdiyi məlumata görə, 28 yaşlı Maksimin ürəyi dözməyib (tab gətirməyib).

Qeyd edək ki, Maksim Dadaşovun peşəkar boksda debütü 2016-cı ilə təsadüf edir. S.Matiasdan öncə 13 görüş keçirmiş idmançı onların hamısında qalib gəlib.

Əlavə olaraq bildirək ki, Maksim 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında iştirak edib.