Hizbullah Qarabağa gələsə, Azərbaycana qarşı vuruşacaq-Elbəy Həsənli
06.08.2020

O gün facebook-da biri yazımışdı ki, vaxt gələcək Hizbullah yaraqlıları Qarabağı azad edəcəklər. Azərbaycanın dindar kəsimi arasında belə düşüncədə olan o qədər insan var ki. Onlar əmindirlər ki, şiə birliyi hər şeyin fövqündədir.

Mən isə dəqiq bilirəm ki, Hizbullah Qarabağa gələsi olsa, ermənilərin tərəfində Azərbaycana qarşı vuruşacaq.

Xatırladım ki, Ərəb Dünyasında ilk dəfə məhz Livan 2000-ci ilin mayında erməni soyqırımını tanıyıb. O vaxt Hizbullah Livanda ciddi söz sahibi idi. O cümlədən parlamentdə də son sözü onlar deyirdilər.

Hizbullah 1985-ci ildə yaranıb. 1992-ci ildən bu partiyaya Seyid Həsən Nəsrullah rəhbərlik edir. Bilməyənlər üçün deyim ki, Hizbullah yaraqlıları Bosniya müharibəsində (1992-1995) albanların tərəfində vuruşub. Yəni Hizbullah Azərbaycana kömək etmək fikrində olsaydı o vaxt bunu edərdi. Özü də albanlardan fərqli olaraq Azərbaycanda əhalinin böyük hissəsi şiədir. O vaxt bunu etməyiblər. Seyid Həsən Nəsrullah isə dəfələrlə ermənilərə dəstək xarakterli bəyanatlar verib. Təəssüf ki, belə adi şeyləri bilməyənlər var və onlar Qumda təhsil almış molların təbliğatı nəticəsində dünyaya İran rejiminin kiçik pəncərəsindən boylanırlar.

2020-ci ilin fevralında isə Suriya erməni soyqırımını tanıyıb.

Diqqət edin, hər iki dövlət İranın təsir dairəsindədir. İran özü daxilindəki türk amilinə görə erməni soyqırımını tanıya bilmir. Ancaq təsir dairəsində olan ölkələrdə Türk Dünyasına qarşı xəyanətkar mövqeyə yaşıl işıq yandırır...

Biz millət olaraq hər şeydən öncə dostlarımızı və düşmənlərimizi dəqiq tanımalıyıq. Düşməni dost hesab edəndə fəlakət qaçılmaz olur...

Visiontv.az