Hindistanın ən böyük konqlomeratlarından olan Adani Group ABŞ-ın fırıldaqçılıq ittihamlarından sonra şübhə altındadır
29.11.2024

Hindistanın ən böyük konqlomeratlarından (bir neçə şirkətin birləşməsi) biri ABŞ investisiya firması tərəfindən qanunsuzluq iddiaları ilə üzləşdikdən təxminən iki il sonra analitiklərin daha ciddi olduğunu dedikləri fırıldaqçılıq ittihamları ilə üzləşdiyi üçün yenidən göz önündədir.

ABŞ-ın son iddiaları ölkənin xarici sərmayələri cəlb etdiyi bir vaxt Asiyanın üçüncü ən böyük iqtisadiyyatına sərmayəçilərin inamını azalda bilər.

Onlar həmçinin Hindistanda siyasi fırtınaya səbər olub. Belə ki, müxalifət partiyaları 135 milyard dollarlıq dəyəri olan dəniz və hava limanları, eləcə də enerji sahələrini əhatə edən güclü biznes maqnatına qarşı ittihamlar üzrə araşdırma tələb edir. Onun imperiyası Hindistan iqtisadiyyatı üzərində böyük təsirə malikdir.

Keçən həftə Nyu-Yorkda verilən ittihamnamədə Adani Group-un təsisçisi Gautam Adani investorları aldatmaqda ittiham edilir. O, Hindistan rəsmilərini rüşvətləşdirərək gəlirli müqavilələr əldə etmək məqsədilə 250 milyon dollarlıq şübhəli bir sxem vasitəsilə böyük bir günəş enerjisi layihəsinin həyata keçirildiyini gizlətməkdə günahlandırılır.

Məsələyə aid olan Adani Energy Green şirkəti Qərbi Gujarat ştatında böyük bir günəş enerjisi stansiyası tikir və milyonlarla evi işıqlandıracaq qədər enerji istehsal etməyi planlaşdırır.
Adani Group ABŞ səlahiyyətliləri tərəfindən Gautam Adani və digər yüksək vəzifəli şəxslərə qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edib.

İttihamlar korporasiyanın səhmlər bazarında manipulyasiya və fırıldaqçılıqda ittiham edildikdən sonra ortaya çıxıb. Bu ittihamlar keçən il ABŞ-ın sərmayə şirkəti Hindenburg Research tərəfindən irəli sürülüb. Hindistanın tənzimləyici orqanları ittihamları araşdıraraq heç bir qanun pozuntusu tapmadıqlarını bildirib.

Analitiklər deyir ki, ABŞ-da verilən yeni ittihamnamə daha böyük bir çətinlik yaradır.

İttihamların bir qısamüddətli satıcı şirkətindən və ya mediadan gəlməsi başqa bir şeydir. Amma burada ABŞ hökumətinin uzun və ətraflı ittihamnamə ilə çıxış etməsindən bəhs edirik. Bu, tamamilə fərqli bir ölçüdür" - deyə, Vaşinqtondakı Wilson Mərkəzinin Cənubi Asiya İnstitutunun direktoru Maykl Kugelman qeyd edib.

62 yaşlı Gautam Adani orta sinif ailəsindən olan və universiteti tərk etmiş bir şəxsdir. O, xüsusən də 1990-cı illərdə infrastruktur sahəsinə genişlənməyə başladıqdan sonra konqlomeratının sərvətinin sürətlə artmasına rəhbərlik edib.

Adani Hindistanda enerji stansiyaları, hava limanları, yollar və bərpa olunan enerji layihələri inşa edib, ölkənin böyüyən iqtisadiyyatını dəstəkləmək üçün infrastruktur çatışmazlığını aradan qaldırmağa çalışır.

Adaninin Hindistandakı böyük mövcudluğundan əlavə onun qlobal ambisiyaları şirkətlərini digər ölkələrə, o cümlədən Avstraliya, İndoneziya və İsrailə aparıb.

Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra X platformasında bir paylaşımda,Adani Trampı təbrik edib və ABŞ-da enerji və infrastruktur layihələrinə 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

ABŞ-ın ittihamnaməsi artıq konqlomeratın xaricdəki enerji və infrastruktur biznesini genişləndirmək cəhdlərinə təsir göstərir. İttihamların ictimailəşməsindən bir gün sonra Kenya Adani Group ilə təxminən 2,5 milyard dollar dəyərində hava limanı genişləndirilməsi və elektrik enerjisi müqavilələrini ləğv etdiyini elan edib.

İttihamnamə həmçinin Şri Lankada planlaşdırılan layihələr üzərinə kölgə salıb. Çərşənbə axşamı hökumət rəsmiləri Maliyyə və Xarici İşlər Nazirliklərinin Hindistan konqlomeratına verilən infrastruktur layihələrini yenidən nəzərdən keçirəcəyini bildirib.

Adani Kolomboda dərin dəniz limanı terminalının inkişafı üçün müqavilə imzalayıb.

Analitiklər deyirlər ki, bu mübahisə Adani Group-un nüfuzuna təsir edəcək.

İttihamlar Adani Group-a qarşı etimadsızlığı artıracaq. Onlarınn borc alma xərcləri də artacaq, buna görə də daha çox çalışmaq lazım olacaq. Amma bu, uzun müddət ərzində onların fəaliyyətinə zərər verməyəcək, çünki layihələri həyata keçirməkdə yaxşı bir təcrübəyə malikdirlər" -deyə, korporativ idarəetmə sahəsində məsləhət xidməti göstərən InGovern Research Services şirkətinin təsisçisi Şriram Subramanian bildirib.

ABŞ-ın ittihamları Hindistandakı işgüzar praktikalar və normalar haqqında suallar doğuracaq və ölkənin Çindən kənarda zavodlar və obyektlər qurmaq istəyən şirkətləri cəlb etmə səylərinə zərər verəcək.

visiontv.az