Hindistanın 25 min əhalisi olan məşhur turizm məkanı Qokarna yaxınlığındakı meşədə sarı saçlı, ayaqyalın uşağın görünməsindən sonra polisə məlumat verilib. Məbədlərin və müqəddəs yerlərin yerləşdiyi, yoqa və meditasiya ilə maraqlanan insanların tez-tez gəldiyi bölgə olduğu üçün bura çoxlu ziyarətçi cəlb edir. Ancaq araşdırma zamanı polis gözlənilməz bir şey aşkar etdi: Nina Kutina adlı rus qadın beş və altı yaşlı iki qızı ilə birlikdə artefaktlar və təbii alətlər ilə əhatə olunmuş bir mağarada yaşayırdı. 40 yaşlı Kutina BBC-yə deyib: "Biz əvvəllər heç vaxt mağarada yaşamamışıq".
Bəs Kutina bura necə gəlib?
Nina Kutina deyir ki, o, qızları ilə doqquz ay həmin mağarada qalıb. Həmin vaxt onun oğlu Luçezar bir neçə saatlıq məsafədə, Arambolda dostları ilə qalır və orada məktəbə gedirdi.
Yaşadıqları mağara meşədə olsa da, meyvə və ilkin tələbat mallarını ala biləcəkləri Qokarnaya kifayət qədər yaxındır.
Kutina deyir ki, onlar ət yemirlər və qızları doğuşdan bəri vegetariandırlar.
Onun sözlərinə görə, təbii həyat tərzi sayəsində uşaqlar heç vaxt xəstələnməyiblər.
"İnsanlar bura müqəddəs olduğu üçün gəlirlər. Bura çox maraqlı yerdir. Biz kəşf etməyə gəlmişik. Biz təbiəti sevirik və əvvəllər də meşələrdə yaşamışıq. Mağara yeni bir təcrübə idi" deyir.
Kutina izah edir ki, mağarada yaşamaq istəyinin əsasını 2024-cü ilin sentyabrında avtomobil qəzasında itirdiyi böyük oğlu Dmitriyə yas tutmaqdır.
Onlar taxtalardan çarpayı düzəldib, döşəməyə həsirlər sərib və mağaranı əl işləri ilə bəzəyiblər.
Onları tapan polis ailənin "rahat göründüyünü" bildirib, lakin o, Kutinaya uşaqlarla meşədə yaşamağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Ərazidə ilanlar və vəhşi heyvanlar var, yağışlı mövsümdə torpaq sürüşmələri olur.
Telegram kanalı yaradan Kutina, "Heç bir ilan bizə zərər verməyib. Heç bir heyvan bizə hücum etməyib. İllərdir biz sadəcə insanlardan qorxurduq" deyir.
Lakin polis Kutinanın vizasının bitdiyini bildirib və ailəni immiqrasiya mərkəzinə göndərib.
Kutina deyir ki, böyük oğlunun ölümündən sonra bu sənədləri təzələməyə özündə güc tapmayıb.
Onlar keçən ay birlikdə Rusiyaya qayıdıblar.
ŞƏKLİN MƏNBƏYİ,NINA KUTINA
Nina Kutina əvvəllər Leninqrad kimi tanınan Sankt-Peterburqda anadan olub və səkkiz il Sibirin Krasnoyarsk şəhərində təhsil alıb. Sonra bütün Rusiyanı gəzib və Ukrayna, Tayland, Malayziya, İndoneziya, Şri-Lanka, Kosta-Rika, Nepal və nəhayət Hindistanda yaşayıb.
Təhsil sahəsində diplomu var, lakin Moskvada interyer dizayneri işləyib və 15 il əvvəl böyük oğlu Dmitri ilə birlikdə Rusiyanı tərk edib.
"Mən Moskvada beton binalar arasında yaşamaq istəmirdim. Dəniz kənarında yaşamaq istəyirdim ki, uşaqlarım qumun üstündə qaçsınlar, dünyanı görsünlər. Beləcə onlar daha maraqlı və sağlam həyat sürə bilsinlər".
Xaricdə olarkən ikinci oğlu Luçezarı, daha sonra isə Ama və Prema adlı iki qızı dünyaya gətirib.
O, uşaqlarını evdə, tibbi yardım olmadan dünyaya gətirdiyini izah edir.
O əlavə edir ki, onlar bir ailə kimi bir-birinə çox yaxındırlar:
"Günün 24 saatını uşaqlarımla keçirirəm. Təhsilim var, incəsənətlə maraqlanıram və musiqi ilə məşğulam. İllərdir açıq havada, təbiətin əhatəsində yaşamışam".
O, özünün Telegram kanalı Peşernaya Jizn (Cave Life) kanalında toxuculuqdan dərs deyir. O, immiqrasiya mərkəzinə aparılarda da rəsm və heykəltəraşlıqdan dərs dediyini izah edir. Onu tanıyanlardan Vasiliy Kondraşov bildirib ki, Kutina oğlu ilə ilk dəfə 10 il əvvəl Qoan meşəsində yaşayıb.
Onu orada ziyarət edən Kondraşov Ninanın təbiətdə yaşamaq uğurunu belə təsvir edir: "Tropik ağacların nəhəng kökləri arasında Nina parçadan iki otaq düzəltmişdi. Təbii hovuz düzəltmişdi və ətrafını gil və təbii materiallarla əhatə etmişdi. "İlanlardan qorxmursanmı?" deyə soruşduqda. dedi: "Yaxınlıqda iki ilan yaşayır, amma biz bir-birimizi tanıyırıq".
ŞƏKLİN MƏNBƏYİ,NINA KUTINA
Kutina deyir ki, o, rəsmilərdən onu azad edib ev kirayələmək üçün icazə istəyib, lakin o, qızları ilə Banqalor yaxınlığındakı immiqrasiya mərkəzində, oğlu isə yaxınlıqdakı sığınacaqda saxlanılıb.
Bu vəziyyətin onlarda stress yaratdığını söyləyən Kutina oradakı şəraitin mağaradan qat-qat pis olduğunu izah edir.
Saxlandıqları mərkəzdəki şəraitin işgəncəyə bənzədiyini bildirən Kutina oradakı işçilərin əşyalarını oğurladığını, mərhum oğlunun külünün müsadirə olunaraq geri qaytarılmadığını bildirib.
"Polis bizi vəhşi heyvanlardan qorumalı idi, amma bizi orada tarakanlarla dolu yerdə yatırdırdılar. Uşaqları aclıqdan, soyuqdan qorumalı idilər, amma mağarada mən onlara ləzzətli yeməklər bişirirdim, orada isə uşaqlar ac qalır, vitaminsiz qalırdılar".
BBC Hindistandakı rəsmilərlə əlaqə saxlayıb və "Rusiya vətəndaşının iddiaları ciddi şəkildə araşdırılır. Regional səlahiyyətlilərdən məsələ ilə bağlı hesabat hazırlamaq istənilib. İddialar doğrudursa, dərhal tədbir görüləcək" deyib.
Başqa bir məmur isə "oğurluq iddialarının şişirdildiyini" əsaslandıraraq hesabatı gözləyəcəklərini əlavə edib.
ŞƏKLİN MƏNBƏYİ,NINA KUTINA
Hindistan rəsmilərindən biri BBC-yə bildirib ki, Kutina Rusiyaya qayıtması üçün Rusiya səfirliyi ilə əlaqə saxlayıb. Lakin Qoada yaşayan israilli iş adamı Dror Şlomo Qoldşteynin iddiası ilə proses ləngiyib.
Ama və Prema adlı qızların atası Qoldşteyn onların Rusiyaya göndərilməsinə qarşı çıxdığını və onların nəzarətdə saxlanmasını istədiyini iddia edilir.
Qoldşteyn sosial şəbəkədə yazıb: "Son illərdə uşaqlarla ünsiyyət getdikcə çətinləşir. Onları tapanda məndən qaçırlar və deyirlər ki, mən onları hələ doğulmadan tərk etmişəm. Amma mən onları həmişə çox sevmişəm".
O, BBC-yə bildirib ki, uşaqlar üçün məhkəməyə müraciət edib, lakin məhkəmə DNT testi tələb edib, o isə uşaqlar anaları ilə getməmişdən əvvəl o testi ala bilməyib.
Kutina Qoldşteyn haqqında danışmaqdan imtina edib, deyib ki, onunla daha heç bir əlaqəsi yoxdur.
Kutina hazırda Moskvada qohumlarının evində yaşayır. O, uşaqlarını məktəbə göndərməyi planlaşdırmır və onlara evdə dərs keçməyi planlaşdırır. O deyir ki, uşaqları ilə meşədə gəzməkdən həzz alır.
Onun gələcək planlarına yeni yerlər görmək daxildir, lakin bunun üçün rəsmi sənədləri hazırlamaq da planları arasındadır.
Bu yazının hazırlanmasında İmran Qureşi iştirak edib.
visiontv.az