Heydər Əliyev adına Hərbi İnstitutda Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilən tədbir keçirilib
Heydər Əliyev adına Hərbi İnstitutda Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilən tədbir keçirilib
17.04.2023 Qənirə Paşayeva Tərəfindən

Azərbaycan Hərbi İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən, bu institutun və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirin keçirilməsini alqışlayan Q.Paşayeva ürək sözlərini böülüşüb, dahi şəxsiyyətlə bağlı xatirələrini danışıb.

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və ordu quruculuğundakı fəaliyyətinə xüsusi vurğu edən Komitə sədri, qeyd edib ki, Ulu öndər Ermənistanın öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması, iqtisadiyyatın möhkəmləndirilməsi üçün titanik səylərlə çalışıb. Heydər Əliyev beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin, özəlliklə də Qarabağda yaşanan faciələrin və Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanıdılması üçün gecə-gündüz var qüvvəsi ilə fəaliyyət göstərdi. Bu gün Azərbaycan Güney Qafqazda söz sahibidirsə, sözsüz ki, bu uğur, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. 

Çıxışına davam edən Q.Paşayeva deyib: “Ümummilli lider bundan 19 il öncə, 1994-cü ilin aprelində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərkən deyirdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”. Çox şükürlər ki, Ulu öndərin siyasəti öz böyük nəticələrini verdi və 2020-ci ildə Şuşanın azad edilməsini müjdələyən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu sözləri dedi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”. Mən də bu gün Ulu öndərin adını daşıyan Hərbi İnstitutda onun ruhu qarşısında dərin ehtiramla baş əyir, ruhun şad olsun deyirəm. Deyirəm ki, ideyalarınız yaşayır, inkişaf edir.

Çox şadıq ki, Ulu öndərin əmanəti etibarlı əllərdədir!

Bu gün bu hərbi təhsil və tədqiqat ocağında gördüyümüz səliqə-səhman, nizam-intizam, gözəl nümunələr bizi qürurlandırır. Heydər Əliyevin öz sözlərini xatırlatmaq istəyirəm: "Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir". Ulu öndərimizin adına layiq bu institutda çalışan, təhsil alan hər kəsə yeni uğurlar diləyirəm”!

Visiontv.az