Həsən Ruhani: - İranlıların “müxtəlifliyə” ehtiyacı var
16.01.2020

İran prezidenti Həsən Ruhani yüzlərlə insanın qarşıdan gələn parlament seçkisində namizədliyinin qeydiyyatından imtina edilməsindən narazılıq ifadə edib. O deyib ki, iranlıların “müxtəlifliyə” ehtiyacı var.

Visiontv.az-ın məlumatına görə yanvarın 15-də keçirilən. hökumət müşavirəsində Ruhani “bütün partiya və qruplardan” olanlara parlamentə seçilmək imkanının verilməsinə çağırıb. O deyib ki, İrana yalnız “bir siyasi qanadla” rəhbərlik edilə bilməz.

İranın qüdrətli Nəzarət Şürası hazırkı 290 mandatlı parlamentin üzvü olanların üçdə birini fevralın 21-də keçiriləcək növbəti məclis seçkisində iştirakdan məhrum edib. Bundan başqa Daxili İşlər Nazirliyi daha 800 nəfərin namizədliyini ləğv edib.

 Etemad qəzeti  yazır ki, namizədliklərinin qeydiyyatından imtina edilənlərin əksəriyyəti islahatyönlülər və mötədillərdir. Bütünlükdə İran parlamentinə seçkidə 5000 namizədin iştiraklına icazə verilib. Bu isə o deməkdir ki, hər bir mandat üçün 17 namizəd mübarizə aparmalı olacaq.

Ruhani deyib ki, hər bir mandata 17, 170 və ya 1700 adamın iddialı olması hələ heç nədən xəbər vermir: "Bu 1700 namizəd neçə partiyanı təmsil edir? Bir partiyanı? Onda buna seçki deyilməz”.

Xatırladaq ki, İran hazırda ciddi iqtisadi-siyasi böhran içərisindədir və ABŞ-ın əzici sanksiyaları qarşısında ölkə iqtisadiyyatı çökməkdədir. Belə vəziyyətdə islahatçıların və mötədil islamçıların parlament seçkilərində iştirakının qadağan edilməsi ölkədə siyasi narazılığı daha da dərinləşdirəcək.