Hazırkı məqamda Rusiya bizim işimizə Qərbdən daha çox yarıyır - Elbəyi Həsənli
Hazırkı məqamda Rusiya bizim işimizə Qərbdən daha çox yarıyır - Elbəyi Həsənli
19.05.2021 Elbəyi Həsənli Tərəfindən

Son vaxtlar Fransa, ABŞ, Kanada, Avropa Birliyi ATƏT-in Minsk Qrupunun yenidən fəallaşmasına çalışırlar.

Ermənistan Minsk Qrupuna ciddi maraq göstərir, çünki adıçəkilən bütün ölkələr tarixən Ermənistana dəstək verib. Rəsmi İrəvan müharibə meydanında itirdiklərini Minsk Qrupu üzərindən geri almağa çalışır. Xüsusən, Şuşa və Hadruta Qərbin təzyiqi ilə yenidən sahib olmağı xəyal edirlər.

Rusiyanın Minsk Qrupuna münasibəti xeyli fərqlidir. Rusiya Minsk Qrupundan Türkiyə-Azərbaycan birliyinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Rusiya yaxşı bilir ki, Türkiyə və Azərbaycan Minsk Qrupunun əleyhinədir. Çünki onlardan yaxşı nəsə gözləmirlər. Ancaq Rusiya heç də Minsk Qrupunun fəallaşmasını istəmir. Niyəsi də odur ki, hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsində tək və real söz sahibidir. Rusiya əldə etdiyi bu səlahiyyəti heç bir ölkə ilə bölüşmək fikrində deyil.

Azərbaycan isə ATƏT-in Minsk Qrupu haqqında heç eşitmək belə istəmir. Çünki bu Qrupdan pislikdən başqa bir şey görməyib.
Ən önəmlisi odur ki, Üçtərəfli Anlaşmada ATƏT-in Minsk Qrupu haqqında bir kəlmə də yoxdur. Vəziyyət belədir ki, indi bütün ölkələr, o cümlədən ABŞ, Kanada, Fransa, elə Avropa Birliyi də daha çox Üçtərəfli Anlaşmaya istinad etmək zorundadırlar. Azərbaycan heç bir halda Dağlıq Qarabağ məsələsinin Minsk Qrupunda müzakirəsinə yol verməməlidir. Ən azı ona görə ki, Rusiya ilə anlaşmaq ABŞ və Fransa ilə, bütövlükdə Qərblə anlaşmaqdan daha asandır. Ona görə də bu işin Rusiyanın inhisarından çıxıb Qərbin inhisarına keçməsi bizə sərf etmir. Əlbəttə, Rusiya da Ermənistnla yaxındır. Faktiki olaraq Ermənistan dövlətini də məhz Rusiya süni şəkildə Azərbaycan torpaqları üzərində qurub. Yəni, biz iki pisin arasında seçim etməliyik. Hazırkı məqamda Rusiya bizim işimizə Qərbdən daha çox yarıyır...

Visiontv.az