Hazırda Qələbəmizə fərqli səmtlərdən yanaşanlar var - Alqış Musayev
Hazırda Qələbəmizə fərqli səmtlərdən yanaşanlar var - Alqış Musayev
08.12.2020 Alqış Musayev Tərəfindən

Hazırda Qələbəmizə fərqli səmtlərdən yanaşanlar var və olacaq. Siyasi ekspertlər, iqtisadçılar, hərbi mütəxəssislər dostlarımız, düşmənlərimiz danışır, yazır, şərh verir.

Amma ən obyektiv (bütün dövrlərdə və bütün hadisələrə münasibətdə olduğu kimi) qiymət xalq təfəkküründən gəldi.
Xalqın səmimiyyəti və emosional üslubu istənilən intellektual və  peşəkar mühakiməni üstələyir.

Bu gün bütün Azərbaycana ümumi bir təəssürat hakimdir.

Kimi danışdırırsan, kiminlə rastlaşırsan, "doğrudanmı torpaqlarımız azad olub?" deyir.

Doğrudanmı "Şuşa  qayıdıb?" deyə soruşur. Hələ də Şuşa qalasının  fəthi yuxu kimi gəlir.

Bu o deməkdir ki, Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Əsgəri möcüzəni reallaşdırıb, yuxunu gerçəyə çevirib, namümkünü mümkün edə bilib.

Böyük Füzulinin mövcüd mənzərəyə, ruh halımıza uyğun  bir beyti var:

Bu vüsalə yuxu əhvali demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanimizə.

Füzuli müasirimiz olsaydı, hətta bu  obrazın birbaşa  Şuşaya aid edildiyini söyləmək belə yerinə düşərdi.

Çünki 30 ildir  gecəsi-gündüzü olmayan, yuxusu Qarabağ çöllərində sərgərdan gəzən bir xalqın görmək istədiyi, fəqət görə bilmədiyi  bir yuxu gerçəkləşibdir...

Visiontv.az