Hamilələrə peyvənd təklif edilməlidirmi?
06.05.2021

"Ana olmaq istəyən qadınların bir çoxunun hamilələrdə yaranacaq risklərdən narahat olaraq peyvənd edilmək istəmələrinə son günlər bu mövzuda elmi tədqiqatları şərh etməyimdən sonra daha çox rast gəlirəm. Təbii ki, bu, çox xoş haldır, insanlarda elmə olan inamın göstəricisidir". Bunu  Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Tibb elmləri doktoru bildirib ki, digər tərəfdən bəziləri hamiləlik zamanı peyvənd olunacağı təqdirdə ciddi fəsadlarla üzləşəcəyi ehtimalına görə öz narahatlıqlarını ifadə ediblər:

"Bu narahatlıqlara aydınlıq gətirmək üçün dünyanın ən nüfuzlu elmi jurnallarından olan "New England Journal of Medicine"də dərc edilmiş və 35 000 hamilə qadının daxil olduğu tədqiqatın nəticəsini nəzərinizə çatdırmaq istəyirəm. Bu tədqiqat Amerikada aparılıb və orada, ümumiyyətlə, hamiləliyin zamanından asılı olmayaraq peyvənd təklif edilir. Hətta hamiləliyin ilk 3 ayında belə, hansı ki, bu ərəfədə qadınlarda daha çox narahatlıqlar ola bilər. Bunu da başa düşmək olur, çünki həmin ərəfədə orqanların inkişafı tam bitməmiş vəziyyətdədir və insanlar da müəyyən anomaliyalara səbəb ola biləcəyini düşünür".

Azərbaycanlı alim qeyd edib ki, tədqiqatda peyvənd alan hamilə qadınlarla eyni yaş qrupunda, hamilə olmasa da peyvənd alan qadınlar, eləcə də peyvənd almayan hamilə qadınlar müqayisə olunub. Onun sözlərinə görə, dekabr ayından fevral ayına kimi bu tədqiqatda analizlər edilib:

"Tədqiqata daxil edilən peyvənd alan hamilələrdə rast gəlinən yan təsirlər özünün rast gəlmə tezliyinə görə peyvənd almayan hamilələrlə eynilik təşkil edir. Eyni zamanda hamilə olmayan, amma peyvənd alanlarla müqayisədə də əmələ gələn yan təsirlərin rast gəlmə tezliyi eyni olmuşdur. Fərq sadəcə hamilə qadınlarda peyvənddən sonra lokal reaksiyaların üstünlük təşkil etməsi olub, məsələn, qolda ağrılar, yerli qızartı və s. Amma onların digər qruplarla müqayisədə çox az ümumi peyvənd reaksiyaları olub, məsələn, hamilələrin hərarətləri daha az qeydə alınıb".

"Bu tədqiqatın nəticələrinə baxanda təbii ki, nəzərə alınmalıdır ki, burada hamiləliyin tam 9 ayı peyvənddən sonra qiymətləndirilməyib və bu tədqiqatın 9 aylıq nəticələri də mütləq dərc olunacaq. Hazırda müşahidə olunan odur ki, ilk 3 aydan sonra və ya hamiləliyin ikinci yarısında peyvəndlərin vurulması elmi əsaslıdır və bunu da artıq bir çox inkişaf etmiş ölkələr tövsiyə və tətbiq edir. Məsələn, Fransa və Amerika. Bu da onu deməyə əsas verir ki, Azərbaycan da elmi əsaslı şəkildə uyğun vaksinlərlə xanımlara peyvənd təklif edə bilər. Çünki peyvənd olunmayan hamilələrdə COVID-19-un yaratdığı ciddi fəsadlar artıq elmi olaraq sübut edilib", - N.Abdullayev əlavə edib.