Güneylilərdən mollalara tərs şillə...
Güneylilərdən mollalara tərs şillə...
25.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Avropada yaşayan Güney azərbaycanlılar bu gün ilk dəfədir ki, İranın fars-molla rejiminə qarşı mütəşəkkil, böyük aksiyaya çıxırlar.

Qitənin siyasi paytaxtı sayılan Brüsseldə, Lüksemburq meydanında saat 14:00-dan başlayacaq bu yürüşdə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları səsləndiriləcək.

Azadlıq, Ədalət, Milli Hökumət yürüşü adlandırılan bu yürüşün proqramından da görünür ki, soydaşlarımız bu dəfəki aksiyaya həqiqətən də çox ciddi hazırlaşıblar.

Yürüşün proqramı:

1. Aksiyada “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə yanaşı, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Azərbaycan öz yolunu tapıbdır, səltənəti-vilayəti atıbdır” kimi şüarlar da səsləndiriləcək.

2. Şuman meydanında bir çadır qurulacaq. Səhnədə sözçülər, yürüş komitəsinin başçıları və qonaqlar çıxış edəcək.

3. Rusiyanın işğalçı siyasətinin qurbanına çevrilmiş ukraynalı qaçqınlar da aksiyaya dəvət olunub.

4. Habelə İranın molla rejiminin zülmünə məruz qalan ərəb, türkmən, qaşqay, bəluclara da bu aksiyada çıxış etməyə imkan yaradılıb.

5. Quzey Azərbaycandan Güllü Muradova milli bütövlük himnimizi səsləndirəcək, “Azərbaycan sənsən mənim ülviyyətim, şan-şöhrətim” mahnısı ifa olunacaq.

6. Aksiya zamanı fars rejiminin casuslarının təxribatlarını önləmək üçün müəyyən təhlükəsizlik tədbirləri də görülüb.

7. Tədbirin sonunda qətnamə qəbul olunacaq.

Qətnamədə İran-fars molla rejiminin Azərbaycan türkləri və qeyri-fars millətlərinə qarşı assimilyasiya siyasəti yürütməsinə etiraz olaraq bütün etniklərin İranda bərabər haqqa sahib olması tələb edilməsi ilə yanaşı, İranın Azərbaycan Respublikasına qarşı təxribatlarına da etiraz bildiriləcək.

Güneyli soydaşlarımızın təşkilatlanması və molla rejimini silkələyəcək tədbirlərə, aksiyalara start verməsi əlbəttə, sevindirici hadisədir. Lakin bu yetərli deyil.

40 milyon Güney Azərbaycan türkünün və İranda yaşayan digər qeyri-fars mənşəli millətlərin haqlarının molla rejimi tərəfindən tapdanmasına son qoyulması üçün həm də güclü, xarizmatik liderə ehtiyac var. Hazırda güneylilərin ən böyük problemlərindən biri məhz budur.

20-ci əsrdəki etiraz hərəkatlarından fərqli olaraq indi Güney Azərbaycanın bətnindən yeni Səttarxanlar, Xiyabanilər, Pişəvərilər, Şəriətmədarilər doğulmur.

Molla rejimi Güney Azərbaycan türklərinin içərisindən bütün İranı ayağa qaldıra biləcək bir liderin yetişməsindən yaman qorxur.

Bu lider mühacirətdəki güneylilər arasından da çıxa bilər. Hakimiyyətə birbaşa Fransadan gələn ayətullah Xomeyninin yaratdığı fars-molla rejimini Berlində, Brüsseldə, Parisdə, Londonda püxtələşmiş Güney Azərbaycan əsilli, milli ruhlu bir liderin önə çıxmasıyla da tarixin arxivinə göndərmək olar.

Odur ki, güneylilər ilk növbədə lider problemini çözməlidirlər.

P.S.

Bu günkü aksiyanı isə mollaların üzünə vurulmuş tərs şillə də hesab etmək olar. Bu şillələrin davamı gəlsin.

Bəybala Mirzəyev

visiontv.az