Göyçənin "İldırım vuran ocağı"-deputat Sahib Alıyev
Göyçənin "İldırım vuran ocağı"-deputat Sahib Alıyev
27.06.2021 Sahib Alıyev Tərəfindən

Göyçənin Aşağı Şorca kəndində Bahadur babanın mənə həmişə sehirli gələn bir evi vardı. Bahadur baba ona ev deməzdi, “İldırım vuran ocaq” deyərdi. Elə and içəndə də “İldırım vuran ocağa and olsun” cümləsini işlədərdi. Tanrıçılığın Göyçədə nə qədər güclü olduğunu göstərən bu andıyla da o, ildırım vuran, amma heç bir xətər dəyəməyən həmən evin sehrliliyini, seçilmişliyini qabardardı. Kökü o "İldırım vuran ocağa" bağlı, Vətən Müharibəsi Qəhrəmanı şəhid baş leytenant Azad Hümbətovun xatirə abidəsinin açılışında nədənsə(nədənsəmi?) Bahadur babanın həmən evini və andını xatırladım. Abidə Bakının Nərimanov rayonunda, 24 yaşında əbədiyyətə qovuşan Azadın doğulduğu və böyüdüyü evinin həyətindədir. Azadın atası Arifə qoşularaq buradan bir daha müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirəm! Əminəm ki, qəhrəmanımızın da, adını daşıdığı babası Azad Bahadur oğlunun da, Bahadur babanın da ruhu şaddır. Çünki uğrunda şəhid olduğu Laçın qarışıq torpaqlarımız işğaldan azad olunub və Azərbaycan ordusu artıq Göyçənin Aşağı Şorca kəndinin cəmisi 2- 3 kilometrliyindədir. İndiki mövqemizdən kəndin bir hissəsi, elə “İldırım vuran ocaq" da əl içi kimi görünür. O kənd, o torpaqlar bizim qayıtmamızı və Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətova ata yurdunda, həmən “İldırım vuran ocağın” həyətində abidə qoymamızı gözləyir...