Görüş yeri - Tehran...
Görüş yeri - Tehran...
24.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə xəbəri həqiqətən də müsbət xəbər hesab etmək olar.

Üçtərəfli görüşün Tehranda baş tutacağı gözlənilir və belə bir görüşün keçirilməsi təşəbüsü də məhz İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan`dan gəlib.

Bu barədə razılıq Abdullahiyan və Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu arasında Nyu-Yorkda keçirilən görüş zamanı əldə edilib.

Bu onu göstərir ki, İran tərəfi Azərbaycanla sərhəddə SEPAH-ın iştirakı ilə təlim keçirməklə və yaxud hər 3-5 aydan bir minbərə çıxıb Cümə xütbəsi oxumaq və dindarlara pişnamazlıq etmək əvəzinə, siyasi məsələlərə girişib meymunluq edən ayətullah Amulinin ağzı ilə Azərbaycana "xox" gəlməklə rəsmi Bakını prinsipial mövqeyindən döndərə bilməyəcəyini anlayıb.

Molla hökuməti zorbalığı diplomatiya ilə əvəz etməyin, bütün problemləri masada çözməyin daha faydalı ola biləcəyini başa düşdüyü üçün üçtərəfli görüş təşəbüsü ilə çıxış edib.

İran yönətiminin belə bir qərara gəlməsində heç şübhəsiz ki, Amulinin həyasız çıxışından sonra Güney Azərbaycan türklərinin hiddətlənməsi və onların İran rəhbərliyinə vaxt verməsi də ciddi rol oynayıb.

Bildiyiniz kimi İran İslam rejiminin son vaxtlar istər Azərbaycana, istərsə Türkiyəyə qarşı yanlış mövqeyi güneyli soydaşlarımızı da möhkəm narahat etməkdədir. Odur ki, sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlılar İrana sentyabrın 27-nə

– Vətən müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Onlar rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən əl çəkməyi tələb edirlər.

KİV-in məlumatına görə, Azərbaycan Respublikasına münasibətdə İranın rəsmi siyasətində müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə güney azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəhbərliyinə etiraz edəcəyi bildirilir. Güney azərbaycanlı milli fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını vurğulayıblar.

Bu elə-belə məsələ deyil. Güneylilərin bu mesajı İran hakimiyyətinə olduqca ciddi xəbərdarlıqdır.

Və mollalar vəziyyətin ciddiyyətini anlayırlar.

Odur ki, proseslər "qırmızı xətt" həddinə qədər gərginləşməsin deyə molla hökuməti hərəkətə keçib və diplomatiyanı önə verib.

Üçtərəfli görüşlər və müzakirələr İran hökumətinə ayətullah Amulinin yekəbaşlığından doğan gərginliyi və İran ilə Azərbaycan arasında son vaxtlar yığılıb qalmış bir çox problemləri aradan qaldırmağa kömək edə bilər.

Mollalar ənənəvi dini-ideoloji siyasətdən və fars şovinizmindən imtina edib praqmatik-rasional siyasət yürütməyə başlasalar,

Azərbaycan və Türkiyə ilə düşmənçiliyin deyil, dostluğun faydalı olduğunu görərlər.

Ümid edək ki, mollaların zəkası hisslərinə qalib gələcək.

Mollalar özlərini, siyasətlərini "format" etməyi, yeniləməyi bacarmalıdırlar. Azərbaycana münasibətləri mütləq dəyişməlidir.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az