Gerasimovun yaralanması Rusiya ordusunun nə gündə olduğunu göstərir...
Gerasimovun yaralanması Rusiya ordusunun nə gündə olduğunu göstərir...
03.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Putinin qəzəbindən qorunmaq üçün öz təşəbüsüylə Donbasa getməsi və bu zaman orada yaralanması Rusiyanın bu müharibədə məğlubiyyətinin elə uzaqda olmadığına bir işarətdir.

Gerasimov elə-belə adam deyil. O, hazırda müharibə vəziyyətində olan Rusiyada Putindən (ali baş komandandan) sonra əsas həlledici şəxs sayılır.

Çoxları elə hesab edir ki, döyüş əməliyyatlarının təşkili müdafiə nazirindən (yəni ki, Sergey Şoyqudan) asılıdır. Lakin bu belə deyil. Müharibə dönəmində ən önəmli fiqur rolunu məhz Baş Qərargah rəisi oynayır.

Lakin görünən budur ki, Valeri Gerasimov öz rolunu heç də yaxşı oynaya bilmir. Və o hazırda Ukraynadakı əməliyyatların uğurla nəticələnməməsinə görə qəzəbindən zəncir çeynəyən Putinin nə vaxtsa hiddətinə tuş gələcəyini çox yaxşı bilir. Ona görə də Putini qabaqlamaq məqsədilə və həm də cəbhələrdəki dağınıqlığın, nizamsızlığın, uğursuzluğun qarşısını almaq, qoşunların döyüş qabiliyyətini artırmaq üçün şəxsən özü ön cəbhəyə getməyi qərara alıb.

Bir sözlə, generalın məqsədi cəbhədəki "bardak" vəziyyətinə son qoymaq, əməliyyatların gedişatında müsbət dönüş yaratmaq idi. Lakin general qaş qayırmaq istəyirdi, vurub gözünü də çıxardılar. Ukrayna hərbçilərinin Gerasimovu yaralayıb yarımcan vəziyyətə saldıqları bildirilir.

Düzdür, Rusiya tərəfi Gerasimovun Donbasa getməsi və orada yaralanması faktını hələ də təsdiqləməyə tələsmir. Lakin Pentaqon (ABŞ-ın Müdafiə Nazirliyi) mənbələri Valeri Gerasimovun ötən həftə bir neçə gün üçün Donbasda olduğunu bildirib. Ukrayna mənbələri isə onun yaralandığını bəyan edirlər.

Rusiya generalları və polkovnikləri onsuz da Ukraynada sərçə kimi qırılırdı. Lakin bu dəfə isə birbaşa Baş Qərargah rəisinin özünün yaralanması Rusiya kimi nəhəng hərbi potensiala və müharibə ənənələrinə malik bir ölkə üçün həqiqətən də biabırçılıqdır.

Bu onu göstərir ki, hazırda Rusiya qoşunlarının döyüş əməliyyatlarının təşkili və düzgün koordinasiyası sahəsində peşəkarlığı sıfır səviyyəsindədir. Əməliyyatlara rəhbərlik edən generallar Baş Qərargah rəisini də qoruya bilmirlərsə, bunun özü çox şeydən xəbər verir.

Bəybala Mirzəyev

visiontv.az