Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam edir - FOTOLENT
05.05.2020

Gəncədə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə reyd keçiriblər. Reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən reallaşıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmovun iştirakı ilə keçirilərin reyd zamanı sakinlərlə maarifləndirici söhbət aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb. Reydlər əsasən Gəncə ASAN Xidmət Mərkəzinin, poçt filiallarının, ATM-lərin və marketlərin qarşısında aparılıb.

Qeyd olunan məkanlarda növbədə dayanan sakinlər arasında 2 metrlik məsafəsinin saxlanılması təmin edilib. Həmçinin reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət aparılıb. Tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Reyd zamanı sakinlərə tibbi maskalar da paylanılıb. Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarının mühafizə olunması və tələb edilən normaların tənzimlənməsi üçün həyata keçirilən tədbirlər davam etdiriləcək.

Binnət İsmayılov - GƏNCƏ