Gəncə üsyanının 100-cü ildönümüdür
25.05.2020

Üsyana rəhbərliyi Azərbaycan Cümhuriyyətinin hərbçiləri edib.

Araşdırmaçılara görə, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra XI Qırmızı Ordu hissələrinin quldur hərəkətləri, sovetləşmə prosesində cəlb olunmuş ordu hissələrində etnik ermənilərin çoxluğu Azərbaycan türkləri arasında qırğnıların miqyasını artırıb və bu da haqlı olaraq kəskin mübarizə və etiraz dalğaları ilə müşayiət olunub. 

Üsyana başçılığı Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli ediblər.

Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilmiş "Azərbaycan" jurnalında Gəncə üsyanı haqqında belə yazırdı: "Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.

Üsyan mayın 31-də xüsusi amansızlıqla yatırılıb. Tədqiqatçılara görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb. Minlərlə gəncəli ana yurdundan köçməyə məcbur qalıb. Əgər 1916-1917-ci illərdə Gəncədə 60 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 880-dək azalıb.