Gəncə müasir işıqlandırma sistemləri ilə aydınlandırılır
18.06.2020

Gəncənin küçə və prospektləri yerli istehsal olan müasir işıqlandırma sistemləri ilə aydınlandırılır.

Visiontv.az xəbər verir ki, Gəncənin mərkəzi küçə və prospektlərində işıqlandırma sistemləri yenidən qurulur. Müasir işıqlandırma sistemləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir. İşlər, əsasən şəhərin kommunal infrastrukturunun yenilənməsi başa çatmış ərazilərində aparılır.

Bu vaxtadək Gəncənin 50-dən çox küçə və prospektində 2064 ədəd dirək quraşdırılıb ki, onlardan da 1177-si tək şamlı, 887-si isə qoşa şamlıdır. Burada istismar dövrü uzunmüdətli olan müasir LED işıqlandırıcılardan istifadə olunur. Məhz həmin işıqlandırıcıların sayəsində çox böyük həcmdə enerjiyə qənaət edilir. Qənaət göstəricisi 50 faiz təşkil edir ki, bu da, öz növbəsində, əlavə 28 km uzunluğunda 6 küçənin yeni işıqlandırma sistemi ilə təchiz edilməsinə imkan verib.

İl yarım ərzində Gəncədə 5170 ədəd LED tipli işıqlandırıcı quraşdırılıb, 1211 DRL və DNaT tipli işıqlandırıcı yenisi ilə əvəzlənib. Həmçinin, 76 ədəd paylayıcı şkaf, qənaət rejiminin təmin edilməsi üçün 46 ədəd elektron və 30 ədəd yeni zaman relesi quraşdırılıb. Qürur hissi ilə demək olar ki, şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılan müasir, beynəlxalq standartlara uyğun olan, habelə istismar müddətinə zəmanət verilən işıqlandırma sistemləri yerli müəssisədə - “Gəncə Cihazqayırma Zavodu” ASC-də istehsal olunur. Əvvəllər bu işlər Türkiyə və Rusiyadan alınan materiallar hesabına aparılırdısa, artıq keyfiyyət və qiymət baxımından daha sərfəli olan yerli istehsal hesabına həyata keçirilir.

Son olaraq Gəncə-Göygöl yolunun işıqlandırma sistemi yenidən qurularaq istifadəyə verilib. İlin sonunadək enerji sərfiyyatını qənaət etməklə, Gəncənin daha 20 küçəsində müasir işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub.

Binnət İsmayılov-GƏNCƏ