“Freedom House”nin hesabatı: Xankəndinin qatil “demokrat”ları Azərbaycanda yaşamaq istəmir
“Freedom House”nin hesabatı: Xankəndinin qatil “demokrat”ları Azərbaycanda yaşamaq istəmir
14.03.2023 Şöhrət El-Dəniz Tərəfindən

Qarabağ erməniləri Bakıya: "Siz hansı haqlara maliksiniz ki, bizi inteqrasiya etmək istəyirsiniz?"

Bu fikri ortaya atacaqlarını gözləyirdim. Özü də bu mövzunu, BBC, Reuters kimi transmilli informasiya resurslarında özümüzünkülərin əli ilə ortaya atılıb, tirajlanacağını dəqiq bilirdim. Etdilər də... 
 Əslində bu ermənilərin fikri deyil. Qafqazda mövcud olduqları gündən rus imperiyasının tərkibində olan və daim onun bunun torpaqlarına təcavüz edən, qətliamlar, soyqırımlar törədən ermənilər nə vaxtdan demokrat oldular, bizim xəbərimiz olmadı. 
Ermənistanda “demokratiya, söz azadlığı var”, “demokratik seçkilər keçirilir” kimi fikirlər beynəlxalq nüfuz bazarında söz azadlığı, demokratiya alveri edən transmilli təşkilatların satılan malın üstünə birka kimi vurduqları qiymətdir. Daha dəqiq desəm bu təşkilatlar  bizim Tarif Şurasına bənzər funksiya yerinə yetirir. Böyük güclər öz maraqları çərçivəsində hansı malı daha sərfəli qiymətə satmaq istəyirsə bu işi insan hüquqları, demokratiya, söz azadlığı təşkilatlarının əli ilə edir. Və bu təşkilatlar da bazara görə yox sifarişçinin və öz qazancına uyğun qiymətləndirmə aparır.
Məsələn insan hüquqları üzrə beynəlxalq imicə malik “Freedom House” təşkilatı insan hüquqları ilə bağlı açıqladığı yeni hesabatında Azərbaycanı “qeyri-azad ölkə kimi” qiymətləndirib. Erməni separatçılarının və rus hərbiçilərinin nəzarətində olan bölgəni, yəni Qarabağı isə "qismən-azad ölkə” kimi dəyərləndirib. Sizcə obyektiv yanaşmadır? 
Təbii ki yox! 
Tutalım Azərbaycan barədə hesabatına hardasa haqq vermək olar. Azərbaycan hələ beynəlxalq müstəvidə danışılan, təbliğ olunan formatda demokratiya, söz azadlığı yaratmayıb. Özünəməxsus, amma beynəlxalq hüquqa, qayda-qanuna söykənən bir sistem qurub. Bəs separatçıların, mafiya, quldur qanunları ilə fəaliyət göstərən, işğalçı rus hərbiçilərinin nəzarətində olan Xankəndi rejimi necə demokratik ola bilər? 
Əli nəyinki azərbaycanlıların, elə öz ermənilərin qanına batan Xankəndinin cəlladları nə vaxtdan söz azadlığına, insan haqlarına riayət ediblər, biz bilməmişik, eşitməmişik. “Freedom House” təşkilatı bu araşdırmanı, qiymətləndirməni harda apardı və necə müəyyən etdi? 
 Dediyim kimi, illərdir demokratiya alveri ilə məşğul olan “Freedom House” təşkilatının bu hesabatı Qərbin, daha dəqqiq desəm Fransanın, ABŞ-ın bəzi dairələrinin Qarabağla əlaqədar həyata keçirmək istədiyi planın tərkib hissəsinə hesablanmış açıqlamadır.

Və sifariş verən dediyim kimi Fransa və ABŞ-ın bəzi ermənipərəst dairlələridir, Tarif Şurası rolunda isə “Freedom House” təşkilatıdır.  

Məqsəd Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və Xankəndi ermənilərinin Azərbaycana inteqrasiyasına mane olmaqdır. 
Əslində pis fikirləşməyiblər. Yaxşı arqumentdir. Azərbaycan qeyri-demokratik ölkədir, amma Qarabağ separatçıları, uşaq qatilləri demokratdır. Buna görə “demokrat” separatçılar, qeyri-demokrat azərbaycanlılarla bir yerdə yaşaya bilməz. Təbii ki gülüncdür. 
P.S. Amma bu gülünc məntiqi bizim “demokrat”ların sevinərək tirajlaması, qalaq-qalaq məqalələr yazması da ayrı bir dərddir. 

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir

Şöhrət El-Dəniz

visiontv.az