Fransa Senatının qərarı gözlənilməz olduğu qədər də gözlənilən idi - Kənan Rövşənoğlu
Fransa Senatının qərarı gözlənilməz olduğu qədər də gözlənilən idi - Kənan Rövşənoğlu
26.11.2020 Kənan Rövşənoğlu Tərəfindən

Birincisi, Ermənistanla Fransa arasında yaxşı münasibətlər var, Ermənistan fransızdilli ölkələr klubu - Frankafoniyanın üzvüdür. Fransada güclü erməni diasporu var.

İkincisi, Fransa və Türkiyə arasında münasibətlər düşmənçilik səviyyəsindədir. Aralıq dənizində bu ilin yayında baş verən gərginliklər iki ölkə arasında soyuq münasibətləri daha da pisləşdirib. Senatın qərarında Qarabağ müharibəsində Türkiyənin roluna istinad edilməsi də bunu göstərir.

Üçüncüsü, sonuncu müharibə və onun sonunda əldə olunan razılaşmada faktiki olaraq Fransa ATƏT Minsk Qrupu üzvü kimi kənarda qoyuldu və bütün cəhdlərinə baxmayaraq Paris prosesdən kənarda qaldı, əvəzinə Türkiyə münaqişənin real həll prosesində əsas iki iştirakçıdan birinə çevrildi. O birisi Rusiya oldu.

Senatın qərarına bütün partiyaların dəstək verməsi onu östərir ki, bu qərar həm də son illərdə yüksələn anti-islam dalğasının təsiri altında qəbul olunub, ifrat sağçılar, sosialistlər də dəstək verib.

Fransa müasir dünya nizamını quran və idarə edən, BMT TŞ-nin 5 daimi üzvündən biri kimi, əlbəttə Dağlıq Qarabağla bağlı beynəlxalq hüququ yaxşı bilir. Mümkün deyil ki, Fransa parlamentarları mövcud vəziyyəti. BMT-nin 4 qətnaməsi, Avropa İttifaqının, ATƏT-in münaqişə ilə bağlı sənədlərindən xəbərdar olmasın. Lakin göründüyü kimi, qərar qəbul olunanda beynəlxalq hüquq, ədalət və dövlətlərin suvreneliyi prinsipi deyil, Fransanın cari maraqları əsas götürülüb. Çünki əks halda ən azından Fransa prezidenti bu səsverməni təxirə salmaq və dayandırmaq üçün Senata müraciət edə bilərdi. Demıli, siyasi qüvvələr, o cümlədən hökumət də belə bir qərarda ən azı maraqlı olub.

Bu vəziyyətdə nə olacaq? İlk növbədə qərar tövsiyə xarakterlidir. Yəni belə başa düşdüm ki, Senat hökumətə müraciətində bir sıra tələblərlə yanaşı DQ-nin tanınmasını istəyib. Təbii ki, hökumət də mövcud beynəlxalq hüquq və siyasi maraqları əsas gətirərək buna getəməyəcək. Artıq Fransa XİN tanınmanın heç bir faydası olmaması ilə bağlı açıqlama verib. Amma əlbəttə, bu qərar Fransa hökumətinə ermənilərə dəstək və Azərbaycana təzyiq üçün əlavə material vasitədir.

Eyni zamanda qərar göstərdi ki, Azərbaycanın Fransada güclü diasporu və lobbi əlaqələri olmayıb. Hökumətlərlə işləmişik, bu isə qeyd etdiyim səbəblərə görə indi təsirsiz olub.

Azərbaycandan vaxtilə köçmüş və Fransada yerləşmiş çoxlu sayda həmvətənlərimiz var ki, onlarla yaxından işləmək, siyasi qüvvələrlə təmasları artırmaq lazımdır. Əlbəttə, bu cür həlledici məsələlərə ciddi təsiri olmasa da, bu kimi əlaqələrin təsiri var.
Hətta mümkün olsa yüksək vəzifəli bir şəxsin Fransaya səfər edib bu mövcud siyasi vəziyyət və münaqişə ilə bağlı mövqeyimizi açıqlaması faydalı ola bilərdi. Amma bunun nə qədər mümkün olduğunu indi demək çətindir.

İstənilən halda bu qərara sakit qalmaq olmaz. Sərt etirraz bildirmək, Fransanın necə deyərlər, "canını yandıracaq", amma əlaqələri tamamilə qırmayacaq addımların atılmasına ehtiyac var. Dünyanın bütün özünə hörmət edən ölkələri öz ərazisində separatçı qurumu tanımaq çağırışı edən parlamentə və hökumətə sərt reaksiya verir və verməlidir.

Visiontv.az