Feysbuk gündəliyim: Ölməyə bəhanə axtaranlar, “vıxodnoy” edən dilənçilər və Qızıl Ordunun AZE-TV əsgərləri
Feysbuk gündəliyim: Ölməyə bəhanə axtaranlar, “vıxodnoy” edən dilənçilər və Qızıl Ordunun AZE-TV əsgərləri
30.05.2022 Şöhrət El-Dəniz Tərəfindən

“Feysbuk gündəliyim” adı altında hər həftə sosial mediada yazdığım statusların növbəti buraxılışını sizə təqdim edirəm. Keçən həftə yazdıqlarım…

22.05.2022-29.05.2022

***

Oxudum ki, Pasinyan Putinə deyib ki, əgər Ermənistanda Kocaryanın (Koçaryan Putinin yaxın dostudur) rəhbərlik etdiyi radikal və terrorçu müxalifət hakimiyyət çevrilişi etməyə cəhd göstərsə (çevriliş etmək istəyən də ruslardır) xahiş edirəm KTMT-nın qoşunlarını (qoşunlar da ruslardır) Qazaxıstanda olduğu kimi İrəvana yeridin. Və ölkəni terrorçulardan qoruyun.

P. S. Burda deyərlər iti öldürənə sürütdürərlər)).

***

Çox ölkədə olmuşam. Qalmaq imkanım çox olub. Amma qala bilmədim. Burda da adam yavaş-yavaş çürüyüb, çərləyib öldüyünü bütün əzaları ilə hiss edir. Hətta nə vaxt ölüb bitəcəyin vaxtı belə təxmin edə bilirsən.

Ölməyə bəhanə axtarır adamlar. Bəlkə də hələ uzun müddət yaşayar. Amma istəmir. Elə bil min illərdir yaşayıb, yorulub adam. İnsan öz həyatından bu qədərmi bezə bilər?

Minimum rahatlıq yoxdur ki, o minimumdan yapışıb həyatda qalsın.

 

***

Hər gün 20 yanvardan metroyla işə gedirəm. Metronun girəcəyində eyni dilənçi qadınlar da hər gün “işə” çıxırlar. Amma onları altı-bazar dilənən görmürəm, görünür adam kimi istirahət edirlər. Amma bütün həftəninin günlərini səhərdən axşama kimi işləyirəm, mənim istirahət etməyə imkanım olmur. Və işləyən 90 faiz insanımız mən gündədir.

***

"Qadın kişinin ayağını yuyub suyunu içməlidir" fikri baş qatmaq üçün ortaya atılmış növbəti cəfəng və hay-küy effekti verən şoudur. Hamı bu cəfəng fikirdən danışır. Bir-birinin ayağını yuyan ər arvadın yaşadığı Azərbaycanda hər ay 40 ailə dağılmaz. Bunu müzakirə edin.

***

Bu gün Fuad Poladov dünyaya gəlib. Həyata gəliş məramı aktyor rolunu oynamaq oldu. Onu da məharətlə oynayıb getdi.

Hər adama qismət olmur. İnsan var öləndə belə bu dünyaya niyə gəldiyini bilmədən gedir.

Ruhu şad olsun.

***

Həftədə 4-5 dəfə kitab təqdimatına dəvət edirlər. İstədim sair, yazıçıların çoxluğundan giley edim, yadıma adını unutduğum şairin sözləri düşdü.

Şair yazıçıların çoxluğundan giley edəndə deyirdi ki oğurluq, banditlik etmirlər ki, şer yazırlar.

***

Həccə getməyin qiymətindən yazı paylaşdım bütün kasıblar az qala məni öldürsünlər ki, sən dinimizə dil uzadırsan, əcəb edib 6 min dolları aparıb ərəbə yedizdiririk. Canımız çıxar ac qalarıq, borca girib gedərik. Deyinən qalmadı. Amma ermənilərin Rəsulzadəyə ( tək Rəsulzadəyə yox, bütün Azərbaycan xalqını faşizmə xidmətdə ittiham edir) böhtan atması ilə bağlı yazı yerləşdirdim, iki-üç ziyaldan başqa reaksiya verən olmadı. Bədbəxtçilik budur.

***

Bilirsinizmi məmurlarımız, nazirlərimiz bizi mütəxəssis kimi niyə saymırlar? Xaricdən gəlmiş bir gerizəkalı niyə onlar üçün daha qiymətlidir?

Ona görə ki rəhbərlik etdikləri qurumun siyasi post olduğunu anlamırlar. Nazir, komitə, agentlik rəhbəri özünü iqtidarda olan siyasi komandanın üzvü kimi yox, layihə kordinatoru kimi hiss edir. İşləri rəhbərlik etdikləri qurumun siyasətini dövlətin ümumi siyasi xəttinə uyğunlaşdırıb vətəndaşların həyatını yaxşılaşdırmaq əvəzinə, hərəsi yanına bir xarici "mütəxəssis" salıb, layihə adı ilə pul yumaqla məşğuldurlar. Halbuki etdikləri işi QHT sektoru onlardan yüz dəfə yaxşı edər. Və əslində elə onların işidir. Bilmirəm fikrimi çatdıra bildim ya yox.

***

Kim millətini ən ağıllı, ən güclü, ən vətənpərvər sayıb ondan adekvat addım gözləyirsə yaxşı halda çöllərə düşüb sərkardan dərviş olur. Ya da ciyəri serroz olub ölür. Kim də millətini necə lazımdır minib çapırsa ən hörmətli və imkanlı biri olur. Ona görə bizdən keçdi, siz seçiminiz barədə fikirləşin.

***

Conson yenə aləmi vurub bir-birinə. Deyəsən Avropa İttifaqını da tarixə göndərmək istəyir. Zelenskiyə təklif edib ki, Rusiyaya qarşı yeni Avropa İttifaqı yaradaq))

***

Heç nə təsadüfi baş vermir. Heç kim də təsadüfi səlahiyyət sahibi olmur. Satdığı azadlığı, qazandığı mövqedən 10 qat artıqdır.

***

Azərbaycan ilk dəfədir 28 may müstəqillik gününü bu dərəcədə doğma və təmtəraqlı keçirir. Bayramınız mübarək!

***

Adamı yandıran, dünənə qədər 11-ci Qızıl Ordunun bayrağını paylaşıb rus imperiyasına haqq qazandıranların bu gün üç rəngli bayrağı profilinə qoyub müstəqilliyimizi bəh-bəhlə, hay-küylə təbrik edənlərdir.

Bilirsiniz niyə belə edirlər?

Bu il Müstəqillik bayramını Azərbaycan və Türkiyə prezidentləri, o cümlədən iki xalq bir yerdə keçirir.

Ona görə yuxarı başda oturmaq üçün xamilyon kimi min sifətə düşürlər. Üzdə müstəqillik tərəfdarı, əməldə isə əlaclarında olsa sabah rusun növbəti Qızıl Ordusunu Bakıya dəvət edərlər.

Yazdım ki bilsinlər yəni kor və tupoy deyilik. Görürük hər şeyi.

***

Müstəqillik günündə Azərbaycan və Türkiyə prezidentləri regionda həmrəylik, qardaşlıq, gövdə numayiş etdirir, düşmənə göz dağı verir. Bu erməni, fars, rusbaşlar da efirdən Texnofeks festivalından danışıb, məqsədin, məramın üstündən mala çəkir ki, millət görməsin. Amma yeri-göyü lərzəyə gətirən qırıcıların səsi onsuzda kar qulaqların pərdəsini deşir.

Bunların da kökü kəsiləcək. Darıxmayın.

 

***

AzTV-də canlı efirdən prezidentlərin görüntüsü, qırıcıların şousu gedir, politoloq Tofiq peşə məktəblərinin müzakirəsini aparır)))

***

Azərbaycan-Turkiyə münasibətləri tək emosional hisslər üzərində qurulmayıb, həm də rasional, konkret hədəflərə və perespektivə yönəlik strateji müttəfiqlikdir.

Şöhrət El-Dəniz

Visiontv.az