Fəxri ad üçün...- yazıçı Xeyrəddin Qoca
25.05.2020

Mədəniyyət naziri vəzifədən gedəndən sonra bir sıra adamlar Xalq artisti fəxri adı ala bilmədikləri üçün onu təqsirkar hesab edirlər.

Bilmirəm, bu fikirləri hansı ağılla söyləyirlər?! Əbülfəz Qarayev fəxri ad verirdi?
 

Yadıma bir əhvalat düşdü: Tanınmış şəxslərdən biri Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə zəng vurur ki, "qohumum cavan oğlan yazı-pozu ilə məşğul olur, görün, onu birliyə qəbul edə bilərsinizmi?" AYB-də baxırlar ki, doğrudan həmin cavan oğlanın istedadı var, birliyə üzv qəbul edirlər. Düz bir həftədən sonra həmin tanınmış şəxs AYB-nin rəhbərliyinə zəng vurub deyir ki, "qardaş, görün, bizim cavan oğlanı Xalq yazıçısı fəxri adına təqdim edə bilirsinizmi?" Rəhbərlikdə elə bilirlər tanınmış adam zarafat edir. Soruşurlar ki, "zarafat edirsiniz?"

O, cavab verir:

-- Nə zarafat? Puluynan deyil?(!)
 

O tanınmış adam bilmir ki, AYB bəlkə də yeganə təşkilardır ki, orada fəxri adları yalnız layiq olanlara verirlər. Xalq yazıçısı, Xalq şairi fəxri adlarını təqdim etmək üçün Ağsaqqallar şurası yığılıb müzakirə edir. "Yüz ölçüb, bir biçəndən" sonra lazımi yerə təqdimat yazılır...
 

Sizə bir söz deyim: kimlər ki, mətbuatda, sosial mediada fəxri ad davası edirlər ha, o adı onların çoxuna vermək olmaz! Niyə? Çünki elə şərəfli adı yalnız xalqın, dövlətin sevdiyi insanlar daşıya bilərlər! Hərçənd, xalqın sevmədiyi səsi, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti, şəxsiyyəti... olmayanlar da hansı yollarlasa bu adı alırlar! Görünür, fəxri ad uğrunda "vuruşanlar" elələrinə baxıb, özləri özlərinə deyirlər: " Mən niyə almayım?"
Bir gün çoxlarının tanımadığı, sənəti-filanı olmayanın biri böyük sənətkar Habil Əliyevə zəng vurub deyir ki, "Habil müəllim, mənə Xalq artisti fəxri adı verdilər, məni təbrik eləyin!.." Habil müəllim nə desə yaxşıdır: "A bala, onlar verdilər, bəs sən o adı alanda xəcalət çəkmədin?"

 

Demək istəyirəm ki, fəxri ada layiq olanları xalq da, dövlət də yaxşı görür...

Visiontv.az